Sahibə Qafarova: \"ABŞ Dövlət Departamentinin hesabatı real vəziyyəti əks etdirmir\"
"Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən ölkəmizdə vətəndaşların hüquqlarının qorunması, dövlət-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi sahəsində çox dəyərli qanunlar, sənədlər qəbul edib. Hazırda dövlət insan haqları probleminə kifayət qədər həssaslıqla yanaşır". SİA-nın xəbərinə görə, bunu millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumu ilə bağlı 2011-ci ilə aid hesabatında Azərbaycanla bağlı yer alan xəbərlərə münasibət bildirərkən deyib.
Son vaxtlar bir sıra təşkilatların Azərbaycanı insan hüquqları ilə bağlı vəziyyətin pis olmasında ittiham etməsinə toxunan deputat söyləyib ki, Azərbaycan ötən 20 ildə bütün sahələr üzrə çox sürətlə inkişaf edib: "İnsan hüquqları hər yerdə daim inkişafda olan sahədir. İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olub. Bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilib. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur. Eyni zamanda Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görülüb".
Millət vəkili vurğulayıb ki, hesabatda əks olunan məlumatlar ölkədəki real vəziyyəti əks etdirmir: "Hesabatda ötən ilin mart-aprel aylarında keçirilmiş aksiyalar zamanı həbs olunanların olduğu xatırladılıb, Bakı şəhər İcra Hakimiyyətinin aksiya müraciətlərinə verdiyi cavablardan bəhs edilib. Lakin Bakı şəhər İcra Hakimiyyəti quruma edilən bütün müraciətlərin hamısına cavab verib və lazım olan bütün şəraiti yaradıb. Həbs olunanlara gəlincə, bu gün heç kimin qanunu pozmağa nə haqqı var, nə də ixtiyarı var. Hər kəs öz əməlinə görə cavab verməlidir. Qanun hamımız üçündür, alidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB