Türkiyədən Azərbaycana piyada gələn Qələndər Bayramlının aksiyası yekunlaşıb

Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova və Azərbaycan əslli Türkiyə vətəndaşı 58 yaşlı Qələndər Bayramlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbir Türkiyənin Ankara şəhərindən Azərbaycana ayaqla yeriyərək 2437 kilometr məsafə qət edən Qələndər Bayramlının səfərinin yekununa həsr olunub. Özünün dediyinə görə, bu aksiyanın məqsədi Qarabağın işğalını və Xocalı həqiqətlərini dünyaya duyurub torpaqlarımızın işğaldan azad olmasına nail olmaqdır: "Mənim əsas hədəfim öz səsimi, Azərbaycanlıların səsini dünyaya çatdırmaqdır. Torpaqlarımız verilməsə ,Ermənistana gedib bunun üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycanı hədsiz dərəcədə sevirəm və içimdəki bu sevginin nəticəsi olaraq qızlarımın birinin adını Azər, digərinin adını isə Baycan qoymuşam. Məqsədimi Hürriyət qəzetindən olan dostuma deyəndə o inanmadı, ancaq mən onu inandırdım ki, bunu etməyə qərarlıyam. Onu da qeyd etməliyəm ki, erməni milləti çox qorxaq millətdir, çünki mən ora çatanda Qarabağa getmək istədiyimi dedim və məni prezidentin birinci köməkçisi Qarabağa apardı, 3 saat orada oldum, sonra isə geri gətirildim. İndi mən çox xoşbəxtəm ki, Azərbaycandayam. Türkiyədə yaşayan 75 milyon əhali Azərbaycanın yanındadır. Ermənilərin etdikləri vəhşiliklər heç nə ilə müqayisə olunmayacaq dərəcədədir. Mən bunlara qarşı haqq səsimi qorxmadan ucaldacağam".

Qeyd edək ki, martın 21-dən mayın 14-nə kimi yolda olan Qələndər Bayramlı bu müddət ərzində 17 kilo arıqlayıb.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...