Dövlət Miqrasiya Xidməti ilə BMT QAK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdson ilə görüşüb.
DMX-dən SİA-ya verilən məlumata görə, Firudin Nəbiyev DMX ilə nümayəndəlik arasında əməkdaşlıqdan danışıb, BMT QAK-ın Azərbaycan Respublikası ərazisində sığınacaq axtaran şəxslərin və qaçqınların probleminə öz mandatına uyğun, həssaslıqla yanaşdığını qeyd edib, bu problemlərin həlli istiqamətində fəaliyyətindən razılığını ifadə edib, keçirilən görüşlərin tərəflər üçün əhəmiyyətli olduğunu bildirib.
F.Nəbiyev qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı DMX tərəfindən həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verib, bu sahədə məlumat mübadiləsinin effektiv ola biləcəyini söyləyib.
Daq Siqurdson BMT QAK ilə DMX arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin, o cümlədən ixtisaslı kadrların hazırlanması üçün müvafiq treninq və seminarların, təcrübə mübadilələrinin davam etdirilməsinin vacibliyini qeyd edib. BMT QAK-ın himayəsində yaşayan şəxslərin əmək bazarında və digər sahələrdə qarşılaşdığı problemlərin həlli yollarından söz açıb.
Xidmət rəisi ölkə ərazisində BMT QAK-ın himayəsində yaşayan şəxslərə Azərbaycan hökumətinin tolerant münasibət bəslədiyini, hər bir şəxsin müraciətinə fərdi yanaşıldığını, onların problemlərinin həlli istiqamətində Azərbaycan qanunvericiliyi çərçivəsində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB