ADU-da 31 Mart - Azərbaycanlıların soyqırım günü ilə bağlı təbir keçirilib - FOTO

ADU-da 31 Mart - Azərbaycanlıların soyqırım günü ilə bağlı təbir keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tələbə-müəllim heyətinin qatıldığı tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Azərbaycanın hər yerində soyqırıma həsr edilmiş silsilə tədbirlər həyata keçirildiyini bildirib.


Erməni millətçilərinin əsrlər boyu türklərə qarşı soyqırım siyasəti həyata keçirdiyini deyən Ə.Əliyev 31 mart hadisələrinin dünyada ən qanlı soyqırımı kimi tanınmasının vacibliyini qeyd etdi. Azərbaycan xalqının dəfələrlə deportasiyaya, soyqırıma məruz qaldığını qeyd edən prorektor bu məkrli siyasətin ermənilərin havadarlarının köməyi ilə reallaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. XX əsrin əvvəllərində azərbaycanlıların kütləvi şəkildə qırılmasına toxunan prorektor ailəsinin də ermənilər tərəfindən soyqırıma məruz qaldığını vurğulayıb. Ə.Əliyev 31 mart-Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verdiyini deyib.


O, Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 31martın rəsmi olaraq "Azərbaycanlıların soyqırımı günü" kimi qəbul edildiyini iştirakçıların nəzərinə çatdırıb. Prorektor xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini də qeyd edib. Maarifləndirmə və təbliğat işlərinin aparılmasının vacib olduğunu söyləyən Ə. Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə uğurlu və ardıcıl siyasət yürütdüyünü bildirib.


Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Samir Həmidov soyqırım faktorunun birdən-birə yaranmadığına toxunub. Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı ermənilərdən istifadə etmək planlarının sonradan acı nəticələr verdiyini deyən S. Həmidov ermənilərin zaman-zaman öz məkrli siyasətini həyata keçirmək üçün məqam axtardıqlarını deyib. Dosent həmçinin Avropa dövlətlərinin öz siyasətlərini həyata keçirmək üçün ermənilərdə irqi səciyə daşıyan anti-türk münasibətinin formalaşdırdıqlarından danışıb. Dünyanın siyasi tarixinə ekskurs edən S. Həmidov böyük dövlətlərin millətlər arasında nifaq yaratmaqdan ötrü müsəlman şərqində xristian dövləti yaratdıqlarını deyib. Böyük imperiyaların ermənilərdə türklərə qarşı irqçilik ideologiyası formalaşdırıldığına diqqət çəkən kafedra müdiri bu siyasətin millətlər arasında acı nəticələrə gətirib çıxardığını iştirakçıların nəzərinə çatdırıb.


O, irqçilik ideologiyasının Fransada yarandığını və sonradan digər Avropa dövlətlərinə də yayıldığından söhbət açıb.


S.Həmidov Amerika, Fransa alimlərinin əsərlərində də türklərə qarşı aparılan ideoloji siyasətdən bəhs edildiyini bildirib.


Tarix kafedrasının baş müəllimi Asif Abbasov isə öz növbəsində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətindən danışıb. Tarixi sənədlərə istinad edən A. Abbasov bildirib ki, erməniləri çar Rusiyası daim himayə edib.


Çar Rusiyasının Qafqaz siyasətindən bəhs edən baş müəllim imperiya rəhbərlərinin ermənilərin himayə olunması ilə bağlı verdiyi qərarları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Havadar dövlətlərin dəstəyi ilə o vaxtdan ermənilərin türklərə və azərbaycanlılara qarşı ərazi iddialarının gücləndiyini deyən A. Abbasov 1918-ci ildə baş verən soyqırımın bunun ən bariz nümunəsi olduğunu bildirib. O, mart qırğınlarında Bakıda, eləcə də digər regionlarda kütləvi şəkildə azərbaycanlıların qırıldığını bildirib. A. Abbasov Quba məzarlığını bunu sübut edən əsas fakt kimi önə çəkib.


Tarix kafedrasının müəllimi Namiq Abbasov öz növbəsində Azərbaycan Xalq Cümhuriyyəti dövründə 31mart soyqırım faktının araşdırılması ilə bağlı istintaq komissiyasının yaradıldığını vurğulayıb. O, araşdırılmaların nəticəsi olaraq 36 cilddən ibarət 3500 səhifəlik sənədin olduğunu da sözlərinə əlavə edib.


ADU-nun prorektoru Ələddin Əliyev bu kimi tədbirlərin ardıcıl olaraq keçirilməsini tövsiyə etdi və bu işdə tələbələri fəal olmağa çağırıb.


Sonda Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbələri Cavid Əsgərov və İsa Qəmbərlinin hazırladıqları vətənpərvərlikdən bəhs edən slayd nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə