Fransa Senatı uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul etdi

Fransa Senatı uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul etdi

Fransa Senatı uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. SİA-nın məlumatına görə, Fransanın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vuracaq qanunun lehinə 127, əleyhinə 86 senator səs verib. Fransa qanunvericliyinə görə, prezident qəbul edilmiş sənəd hökumətə təqdim olunduqdan sonra 15 gün ərzində onu təsdiqləməlidir. O, müddət bitdiyində parlamentdən qanuna və ya onun ayrı-ayrı maddələrinə yenidən baxılmasını xahiş edə bilər. Bu xahiş rədd edilə bilməz.

Xatırladaq ki, Fransa uydurma "erməni soyqırımı"nı 2001-ci il yanvarın 29-da rəsmən tanıyıb. 2006-cı il oktyabrın 12-də uydurma "soyqırım"ın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Milli Assambleya tərəfindən qəbul edilib. Lakin 2011-ci il mayın 4-də Senat bu qanun layihəsini əsassız sayaraq onu təsdiq etməyib. Bu arada qeyd edək ki, Fransa Senatının qarşısında Azərbaycan və türk diasporunun nümayəndələri gün boyu etiraz aksiyaları keçirərək, qərarın qəbul olunmamasına çağırıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə