Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” adlı sərgi təşkil olunub-FOTOSESSİYA

Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” adlı sərgi təşkil olunub-FOTOSESSİYA

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə olundu. SİA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə təşkil edilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi Fondun prezidenti Mehriban xanım Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində mədəniyyətimizin təbliğini prioritet istiqamətlərdən biri seçdiklərini bir daha təsdiqləyib. Bu sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru olan Erve Mikaelof və Simon de Püri dünya incəsənət aləmində məşhur şəxslərdir.

London elitasının üzvlərinin qatıldığı bu sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirib. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Xanım Əliyevanın bildirib ki, burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. İndi Azərbaycan misli görünməmiş dirçəliş dövrü yaşayır və bu özünü müasir incəsənət sahəsində də göstərir.

Tədbir zamanı qonaqlara "Bakı" jurnalının ingilisdilli versiyasının növbəti sayı paylanılıb.

Burada nümayiş olunan əsərlərə ilk gündən göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 17-dən 29-dək keçiriləcək sərgi uğurlu olacaq və London ictimaiyyəti arasında geniş əks-səda doğuracaq.

Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də onu nümayiş etdirdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri var.

Beləliklə, İngiltərə paytaxtında təşkil edilən sərgi Azərbaycan mədəniyyətinin bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə