Ziyafət Əsgərov: \"Avropada Azərbaycanla Ermənistana eyni gözlə baxmırlar\"

Ziyafət Əsgərov: \"Avropada Azərbaycanla Ermənistana eyni gözlə baxmırlar\"

\"Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinə çox biganə yanaşır\". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Filip Blankartın başçılıq etdiyi Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı BMT-də 4 qətnamə qəbul edilsə də, heç biri icra olunmayıb: "Dünya Ermənistanı təcavüzkar kimi tanımayınca, bu münaqişə həllini tapmayacaq. Əgər Belçika bu işə töhfəsini vermək istəyirsə, o zaman Belçika parlamenti bu məsələni müzakirə edib qəti mövqeyini bildirməlidir. Əgər Belçika parlamentinin belə bir qərarı olarsa, o zaman əminliklə deyə bilərik ki, Avropa Azərbaycana qarşı münasibətdə ikilistandartalara son qoyub. Ona görə ki, Avropada Azərbaycan ilə Ermənistana eyni gözlə baxmırlar. Əgər Avropa İttifaqının və Avropa Şurasının Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmayacaqdısa, bu sənədlər niyə qəbul edilirdi?"

Görüşdən sonra keçirilən brifinqdə F. Blanşar yanvarın 7-də Azərbaycanın əyalətlərinə səfər edəcəyini, məcburi köçkünlər və onların problemləri ilə məşğul olan qurumların nümayəndələri ilə görüşəcəyini bildirib. O qeyd edib ki, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin müzakirəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə