Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin təntənəli açılışı olub - FOTO
Bu gün Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılışı olub. SİA-nın rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, Bakı küçəsində yerləşən təhsil müəssisəsinin yenidən qurulması Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Müasir avadanlıqla təchiz edilmiş, tamamilə yenidən qurulmuş bu təhsil müəssisəsinin Rusiya və Azərbaycan arasında əsl dostluq rəmzi olduğunu bildirən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin deyib: "Bu məktəb dövlətlərimizin liderləri Dmitri Medvedev və İlham Əliyev arasındakı səmimi münasibətlərin təcəssümüdür". Qubernator qeyd edib ki, sovet dövründə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın inkişafında müstəsna rol oynamış böyük dövlət xadimi Heydər Əliyevin adına məktəbin açılması olduqca əlamətdardır.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, məktəbin açılması Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin möhkəmlənməsində mühüm hadisədir. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə yenidən qurulmuş təhsil ocağının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib.
Qeyd edək ki, əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişib. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilib, iki yeni korpus tikilmişdir. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşib. İstilik sistemi və elektrik xətləri təzələnib. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulub. Məktəbdə dərnək fəaliyyəti üçün kabinet də açılıb. Pilləkənlər mərmərlə bəzədilib, duş kabinələri qurulub, ərazi yenidən hasarlanıb, ağaclar əkilib. Təhsil müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilib. Məktəbin həyətində xüsusi örtüklü idman meydançası inşa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB