Eldar İbrahimov: “Azərbaycanı məhz Azərbaycan edən dövlətimizin qurucusu və banisi Heydər Əliyev olub” - AÇIQLAMA

Eldar İbrahimov: “Azərbaycanı məhz Azərbaycan edən dövlətimizin qurucusu və banisi Heydər Əliyev olub” - AÇIQLAMA

"Heydər Əliyevin 42 il bundan əvvəl ilk dəfə Azərbaycanda hakimiyyətə gəlməsi sanki xalqımızın və dövlətimizin inkişafa doğru gedən bir yolun başlanğıcını qoydu". Bu sözləri SİA-ya millət vəkili Eldar İbrahimov Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişi ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan sovet dövründə ən geridə qalan respublikalardan biri idi: "Ölkəmizdə demək olar ki, inkişaf yox idi. O zaman əhali çox ağır və çətin həyat yaşayırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qıs müddətdə (1969-83-cü illərdə) Azərbaycan güclü inkişaf yolu keçdi. Baxmayaraq ki, Azərbaycan sovetlər birliyinin tərkibində idi. Təbii ki, ulu öndər səriştəli və ağıllı rəhbər kimi SSRİ-nin büdcəsindən istifadə imkanı tapıb Azərbaycanı inkişaf etdirdi".

Azərbaycanda bütün sahələrdə, xüsusisilə də aqrar sahələrdə inkişaf özünü büruzə verirdi, - deyən millət vəkili: "Bütün bu məsələlərin hamısı yalnız Heydər Əliyev zəkası və bacarığı ilə bağlı idi. Təbii ki, bu da ümummilli liderin sovetlər birliyi rəhbərləri arasında, Siyasi Büroda qazandığı çox böyük hörmətin nəticəsi idi. O zaman Azərbaycan geniş şəkildə inkişaf edirdi. Azərbaycanda Heydər Əliyevin apardığı siyasət nəticəsində sənaye qəhrəmanlarının sayı-hesabı yox idi",- deyə əlavə edib.

Eldar İbrahimov həmçinin vurğulayıb ki, Heydər Əliyevin gördüyü işlərdən ən vacibi Azərbaycan dilini rəsmi dövlət dili kimi elan etməsi idi: "Bütün Azərbaycan xalqı dahi şəxsiyyətin ruhu qarşısında borcludur. Çünki Azərbaycanı məhz Azərbaycan edən, sovetlər dövründə ölkəmizi bütün dünyada tanıtdıran dövlətimizin qurucusu və banisi Heydər Əliyev idi".

Bütün xəbərlər Facebook səhifəmizdə