Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Bu gün Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova öncə 14 iyulun Azərbaycan tarixində özəl bir gün olduğunu diqqətə çatdırıb: "Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündür. Ölkəmizin bugünkü uğurları məhz həmin dövrdə görülən işlərin nəticəsidir".

Parlamentin fəaliyyəti ilə bağlı məlumat verən vitse-spiker bildirib ki, dördüncü çağırış Milli Məclisin indiyə kimi 17 iclası keçirilib: "Bu iclaslarda 183 qərar və qanun qəbul edilib. Parlamentin yaz sessiyasının isə 11 iclası keçirilib və 94 qanun və qərar qəbul olunub".

"Ötən müddət ərzində parlamentdə əsas diqqət insan haqları, sosial və iqtisadi sahələrə yönəldilib, beynəlxalq sazişlərin, bəyannamələrin təsdiq olunması da diqqət mərkəzində olub deyən B. Muradova, həmçinin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin aktiv olduğunu, bunun artıq müsbət nəticələr verdiyini bildirib.

MM Aparatının da fəaliyyətinə toxunan sədr müavini onun aktiv işindən söhbət açıb. Seçicilərin ərizə və şikayətlərinə baxılması məsələsinə gəlincə, B. Muradova 2011-ci il ərzində Milli Məclisə 3007 təklif, ərizə və şikayətin daxil olduğunu, 30054 nəfərin isə qəbul edildiyini deyib. Ötən müddətdə 64 KİV akkreditasiya olunaraq parlamentin iclasında iştirak edib və işıqlandırıb.

Yaz sessiyasında Milli Məclisin işinin prioritet istiqamətinin insan haqlarının qorunması və demokratiyanın inkişafı olduğunu bildirən B.Muradova buna misal olaraq \"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında\" Konstitusiya Qanununa əlavələr və dəyişiklikləri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə