Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
İyulun 4-də Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı Bakı Sağlamlıq Mərkəzinin eskiz layihəsinə və görünüşünü əks etdirən fotoşəkillərə baxdı.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı ilə yaradılır. Hazırda Azadlıq prospektində, əvvəllər Bakı şəhər Onkoloji Dispanserinin yerləşdiyi 1,4 hektar ərazidə istismara yararsız binalar sökülərək, onların yerində müasir çoxprofilli Mərkəzin tikintisinə başlanıb.
Mərkəz ümumi sahəsi 45 min kvadratmetr olan 6 və 12 mərtəbəli 2 korpusdan, həmçinin inzibati binadan ibarətdir. İnşaat işləri ilə 150-200-ə yaxın fəhlə məşğul olacaqdır.
Müasir tibb avadanlığının quraşdırılacağı Bakı Sağlamlıq Mərkəzi 500 çarpayılıq olmaqla, onun strukturunda cərrahiyyə, doğum, ginekologiya, endokrinologiya, nevrologiya, burun-qulaq-boğaz, terapiya, reanimasiya, tibbi bərpa, fizioterapiya və diaqnostika şöbələri fəaliyyət göstərəcəkdir.
Qeyd olundu ki, Mərkəzin zirzəmi hissəsində 92 avtomaşın tutumu olan yeraltı dayanacaq yaradılacaqdır.
Prezident İlham Əliyev gilizi təmələ buraxdı və beton qarışığı tökdü.
Dövlətimizin başçısı inşaatçıları təbrik edərək, onlara uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə