Seyid Əli Laricani: \"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır\"
İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani iyunun 30-da Azərbaycan Respublikasına ikigünlük rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov səfərlə bağlı Ə.Laricani ilə görüş keçirib.
Azərbaycan Respublikasının İranla dost və qardaş ölkə olduğunu diqqətə çatdıran Ə.Laricani iki ölkə arasında əlaqələrin taktiki deyil, tarixi köklərlə bağlı olduğunu bildirib. İki ölkənin parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olmasından bəhs edən Laricani parlamentlərarası dostluq qruplarının fəaliyyətindən razılığını ifadə edib. İranda mədəniyyət və islami irşad naziri vəzifəsində çalışdığı zaman Azərbaycan Respublikasına səfər etdiyini xatırladan parlament sədri son illər Azərbaycanda baş verən inkişafla yaxından tanış olduğunu vurğulayıb.
Səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirən C.Axundov səfərin çox uğurlu keçəcəyinə və iki ölkə arasında münasibətlərin, həmçinin parlamentlərarası əlaqələrin daha sürətli inkişafına xidmət edəcəyinə əmin olduğunu qeyd edib: \"Azərbaycan və İran parlamentləri arasındakı yaxın münasibətlər xalqlarımızın tarixi dostluq və qohumluq əlaqələrindən doğan nəticədir. Azərbaycan-İran münasibətləri mehriban dostluq və səmimi qonşuluq şəraitində sürətlə genişlənir. Hərtərəfli inkişaf nəticəsində Azərbaycan Respublikası regionun aparıcı dövlətinə çevrilib\".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində görülən işlərdən danışan C.Axundov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin təcavüzkar tərəf danışıqları süni şəkildə uzadaraq münaqişənin həllinə mane olur. Azərbaycan Respublikasının inkişafına sevindiklərini deyən İran parlamentinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, səfər Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti əsasında həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB