Bahar Muradova: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün istənilən üsuldan istifadə edə bilər” - MÜSAHİBƏ

Bahar Muradova: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün istənilən üsuldan istifadə edə bilər” - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclis sədrinin müavini Bahar Muradovadır



- Bahar xanım, Kazan görüçünə olan ümidlər reallığa çevrilmədi. Sizcə, bundan sonra çıxış yolu qalırmı?


- Doğrudur, Kazan görüşünə çox böyük ümidlər vardı. Amma eyni zamanda, pessimist fikirlər də səslənirdi ki, proqnozlar özünü doğrultmaya da bilər. Artıq bundan sonra Azərbaycanın atacağı bütün addımlar ölkə başçısı İlham Əliyevin mövqeyində öz əksini tapıb. Düşünürəm ki, Kazan görüşünün nəticəsiz qalmasından asılı olmayaraq, xarici işlər nazirlərinin timsalında hər üç prezident öz mövqeyini imzaladıqları bəyanatda əks etdirdilər. Bu da mövqelərin yaxınlaşması istiqamətində bu görüşün faydalı bir görüş olduğunu özündə əks etdirir və bundan sonra daha da prinsiplərin razılaşdırılması istiqamətindəki işin aparılması üçün imkanların qaldığı öz əksini tapır. Bölgəyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gəlişi də gözlənilir. Prezidentlərin sülh müqaviləsinin imzalanması üçün lazım olan addımları müəyyənləşdirən prinsiplər razılaşdırmalıdırlar. Bundan sonrakı fəaliyyət bu istiqamətdə olacaq. Eyni zamanda, Azərbaycan təkcə ona təklif olunan üsulların üzərində mövqeyini ifadə etməklə kifayətlənmir, bütün istiqamətlərdə eləcə də, digər sahələrdə öz fəaliyyətini genişləndirməkdədir. Son nəticədə Azərbaycanın haqq işi qalib gələcək. Bunun üçün də Azərbaycan dövlətinin mövqeyi dəyişməz olaraq qalacaq. Bizim qətiyyətli mövqeyimiz Azərbaycandakı əhval-ruhiyyə ilə daha da möhkəmlənir.


- Təcavüzkar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edir ki, guya Azərbaycan tərəfi konstruktiv mövqe sərgiləmədiyindən Dağlıq Qarabağ üzrə aparılan danışıqların müsbət mənada inkişafında problemlər yaranır. Bu bir daha erməni hiyləgərliyinin nəticəsi ola bilərmi?


- Eyni sözləri biz onlar üçün deyirik. Amma Azərbaycan tərəfi haqlı olaraq deyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətsiz, təcavüzkar, əraziləri işğal altında saxlayan tərəf Ermənistandır. Ermənistanın güc işlətməsi nəticəsində bu günki mövcud status-kvo vəziyyəti yaranıb. Əgər həmsədrlər səviyyəsində bəyan olunursa ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Deməli, o zaman qeyri-konstruktivlik işğalçı Ermənistanın mövqeyindədər. Bu, təkcə mövcud hazırkı vəziyyətə münasibətdə özünü əks etdirmir, eyni zamanda, Ermənistanın hər addımında özünü büruzə verir. Ermənistan prezidenti Serj Sarkisyan hər zaman qeyri-konstruktiv mövqe ilə danışıqlara qoşulur, ikili oyun oynayır. Ona görə də, danışıqlarda heç bir müsbət nəticə əldə olunmur. Hər halda, danışıqlarda iştirak edən həmsədrlər, onların nümayəndələri, Rusiya prezidenti Dmitri Medvedev və beynəlxalq təşkilatlar çox yaxşı bilir ki, həqiqət nədən ibarətdir. Və qeyri-konstruktiv mövqe kimə məxsusdur. Amma təəssüf ki, bilə-bilə Ermənistana qarşı təsir rıçaqlarından istifadə etmirlər. Sadəcə, qarşılıqlı kompromis deyərək tərəfləri bərabər müstəvi üzərində daha çox nəticə etibarı ilə Ermənistanın maraqlarına xidmət edə biləcək bir nəticənin əldə olunmasına yönəltmək istəyir. Amma Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilən deyil. Ermənistanın nə ifadə etməsindən asılı olmayaraq, vəziyyət ortadadır. Ermənistan təcavüzkar, status-kvonu qorumaq və Qarabağı Azərbaycandan qoparmaq niyyətini ört-basdır etmək üçün təbii ki, cəfəng fikirlər səsləndirməlidir. Bu onlarda yürüdülən siyasətin mahiyyətidir və dövlət səviyyəsində yalançı, saxtakar mövqeləridir.


- Beynəlxalq birlik, o cümlədən, ABŞ, Fransa Kazan görüşünün nəticəsiz qalmasında narahatlıqlarını bəyan edib.


- Narahatçılığı ifadə etməklə, narahat olmaq arasında böyük fərq var. Biz də dünyada baş verən bir çox proseslərlə bağli narahat oluruq. Lakin bəzən imkanımız çatmır ki, o məqamları aradan qaldırmaqda iştirak edək. Bu gün narahatlıqlarını ifadə edən məlum ölkələrin çox böyük imkanları var ki, bu vəziyyəti aradan qaldırsın. Təkcə bəyanatla, danışıqla iş bitmir. Mövcud problemləri həll etmək üçün ciddi səylər ortada olmalıdır. Bu gün Rusiya prezidenti Dmitri Medvedevin timsalında bu səylər var. Zahirən intensiv səfərlər, görüşlər, bəyanatlar var. Təəssüf ki, bunlar konkret əməli nəticəyə gətirib çıxarmır. Buna görə də, işğalçıya qarşı bütün beynəlxalq səviyyədə təzyiq və təsir üsullarından istifadə edilməlidir. Belə olduğu təqdirdə, söyləmək olar ki, doğrudan da bu ölkələr münaqişənin həll olunmamasında narahatdırlar. Bu sözdə deyil, əməldə özünü göstərməlidir. Sadəcə, kağız üzərində ifadə olunmuş narahatlıq məsələnin həllinə təsir göstərmir.


- Status-kvonun dəyişilməsinin tam zamanıdırmı?


- Zamanı çoxdan keçib. Ermənistan təcavüzkar niyyətlə Azərbaycan ərazilərini işğal etdiyi zaman onun nəticəsində yaranan vəziyyət dərhal dəyişməli idi. Çünki müasir dünyada qabaqcıl beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü olan ölkələrin ərazilərinin işğalı qəbul edilən fakt deyil. Və bunun üçün də dərhal beynəlxalq təşkilatlar əməli hərəkətə keçməlidir. Təəssüf ki, uzun illərdir ki, dünyada mövcud olan bəzi digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağla bağlı da beynəlxalq aləm qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində əməli addımlar atmır. Bu cür vəziyyət dondururulmuş, lakin qaynar bir şəkildə qalmaqda davam edir. Xalqların, ölkələrin, millətlərin hüquqlarının pozulmasına, insan tələfatına gətirib çıxarır. Ən əsası, bölgə ilə bağlı olan digər regionların, eləcə də, beynəlxalq aləmdə təhlükəsizliyin təmin olunmasına ciddi əngəl yaradır. Təəssüf ki, bu belədir.


- Azərbaycanda keçirilən hərbi parad ordunun xalqın güvənc yeri olduğunun daha bir göstəricisi sayıla bilərmi?


- Əlbəttə, bütün bunlar Azərbaycanın getdikcə gücləndiyini göstərən faktorlardır. Onlar Azərbaycanın dəyişən simasında, bölgələrin, regionların inkişafında, insanların həyat şəraitinin yaxşılaşmasında və ölkəmizin dünyada yeri və rolunun möhkəmlənməsində özünü büruzə verir. Bir ölkənin sözün əsl mənasında güclü olduğunu sübut edən onun güclü orusudur. Və dünyada güc faktoru heç də öz əhəmiyyətini itirməyib. Bu gün beynəlxalq hüquqdan, onun prinsiplərindən danışırıq, amma faktiki olaraq, dünyanı prinsp yox, güclər ifadə edir. Bu göz önündədir və Azərbaycan bunu dərk edən ölkədir. Bu gün bu addımları atmağa bizi vadar edən düşdüyümüz vəziyyətdir. Axı hansı ərazisi işğalda olan dövlət ordusunu gücləndirməz?. Maraqlı bir məqam yaranıb ki, bu gün öz imkanlarmızla əldə etdiyimiz iqtisadi inkişaf və hərbi gücümüzün artmasını, Müdafiə Sənayesinin inkişafını bizə ittiham kimi irəli sürənlər var. Doğrudan da çox qəribədir. Lakin bunlar bizi narahat etmir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan hərbi qüdrətini o zamana qədər artıracaq ki, Dağlıq Qarabağ problemi həll olunsun. Həll olunduqdan sonra əlbəttə, hərbi qüdrəti bu qədər artırmağın əhəmiyyəti qalmır. Biz də digər ölkələr kimi dinc dövrün ordusuna malik olacağıq. Amma hal-hazırda Azərbaycan dinc dövrdə yaşayan deyil, müharibə vəziyyətində yaşayan ölkədir. Azərbaycan ordusu Azərbaycan xalqının bütün istiqamətlərdə inkişafının və qüdrətinin rəhnidir.


- Bahar xanım, sizcə, hərbi paradın keçirilməsi niyə Ermənistan kimi, digər region dövlətlərini də narahat edir?


- Dünyada çox ciddi maraqları olan ölkələr var. Bu maraqları yerinə yetirmək üçün bölgədə Azərbaycan dövlətini güclü, qüdrətli və qüvvətli görmək istəməzdilər. Dövlətimizi daim asılı vəziyyətdə saxlamaq, regional, coğrafi, iqtisadi mövqeyinə görə əhəmiyyətli olan bir ölkəni idarə olunan görmək istəyərdilər. O ölkə idarə olunur ki, iqtisadi, siyasi və hərbi cəhətdən çox zəif və asılıdır. İşğalçı Ermənistan zəif, daim asılı, tam müstəqil siyasət yürüdə bilməyən dövlətdir. Bir ölkənin başqasından asılı siyasət yeridərək mövcud olmasındansa heç olmaması daha yaxşıdır. Bu gün təcavüzkar Ermənistan heç də uğur qazanan ölkələr sırasında deyil. Bu gün Azərbaycan dövləti müharibə vəziyyətində yaşayır, amma müqayisə edilməyəcək dərəcədə Ermənistandan yüksək səviyyədədir. Təcavüzkar Ermənistanın region ölkələri ilə ayaqlaşması üçün hələ çox ciddi addımlar atmalıdır. İlk növbədə, Dağlıq Qarabağın sülh yolu ilə həllinə nail olmalıdır


- Kazan görüşünə olan ümidlər nəticəsiz qaldıqdan sonra qürur mənbəyimiz olan silahlı qüvvələr döyüş tapşırığını yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdırmı?


- Heç şübhəsiz hazırdır. Azərbaycan ordusu lazım gələrsə günü bu gün vəzifəsinin öhdəsindən gəlməyə qadirdir. Onun üçün bütün imkanları var. Və əgər biz bu gün bu addımları atmırıqsa, ölkə rəhbəri cənab İlham Əliyevin sülh imkanlarının hələ tam tükənmədiyini və sülh imkanları qaldığı təqdirdə, digər vasitələrə üstünlük verilmədiyinin hələlik məqsədə uyğun olmayan qənaətini bölüşür. Ölkə rəhbəri cənab İlham Əliyev də hər zaman öz fikirlərində bildirir ki, biz işğalla barışmayacağıq. Azərbaycan öz ərazisində öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün istənilən variantdan istifadə edə bilər. Bunu beynəlxalq hüquq əlimizdən ala bilməz. Çünki bu beynəlxalq hüququn müvafiq sənədlərində öz əksini tapıb. Amma Azərbaycan yenə də sülh siyasətinə sadiq olduğunu ortaya qoyur.


AYLANA RZAYEVA


Bütün xəbərlər Facebook səhifəmizdə