“Tarixi-dini abidələr xalqın tarixi, mənəvi dəyərləri və mədəni irsini yaşadır“ -GÜNDÜZ İSMAYILOV

“Tarixi-dini abidələr xalqın tarixi, mənəvi dəyərləri və mədəni irsini yaşadır“ -GÜNDÜZ İSMAYILOV

Azərbaycanda yüzlərlə tarixi-dini abidə – məscid, kilsə və sinaqoq bu gün də fəaliyyət göstərir. Həmin dini məkanlarda icmaların fəaliyyəti də davam edir.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 17 sentyabr 2026-cı il tarixində keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.

G.İsmayılov bildirib ki, tədbir 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində keçirilir. Onun sözlərinə görə, konfransın əsas məqsədi ölkədə fəaliyyət göstərən tarixi-dini abidələrin qorunması, təmiri və bərpası, onların tarixi-mədəni xüsusiyyətlərinin gələcək nəsillərə çatdırılması, həmçinin bu prosesdə dini icmaların və din xadimlərinin rolunun müzakirəsidir.

“Tarixi-dini abidələr yalnız ibadət məkanı deyil, eyni zamanda Azərbaycan xalqının çoxəsrlik tarixini, mənəvi dəyərlərini və mədəni irsini özündə yaşadan mühüm memarlıq nümunələridir. Bu abidələrin hər birinin özünəməxsus tarixi və cəmiyyət üçün əhəmiyyət daşıyan hekayəsi var. Həmin tarixi irsin qorunması keçmişin öyrənilməsi ilə yanaşı, milli yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi əhəmiyyət daşıyır”, – deyə sədr müavini qeyd edib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən tarixi-dini abidələr ölkənin zəngin dini və mədəni müxtəlifliyini də əks etdirir. Bu baxımdan həmin abidələr məzhəblərarası birlik, dinlərarası dialoq və mədəni dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış zamanı Həzrət İlahı məscidi, Bibiheybət məscidi, Şamaxı Cümə məscidi və Gəncə İmamzadəsi kimi tarixi dini məkanlar xüsusi qeyd olunub. Eyni zamanda, tarixi alban və rus pravoslav kilsələrinin, eləcə də Bakı, Oğuz, Quba və Qırmızı Qəsəbədə fəaliyyət göstərən sinaqoqların dini və mədəni irsin qorunmasında mühüm yer tutduğu vurğulanıb.

Konfransda tarixi-dini abidələrin qorunması və bərpası ilə yanaşı, onların gələcək nəsillərə çatdırılması istiqamətində dövlət qurumları, dini icmalar və müvafiq mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə