“Bu saziş Yaxın Şərqdə təhlükəsizlik kəməri formalaşdırmağa xidmət edir” - SİYASİ ŞƏRHÇİ

“Bu saziş Yaxın Şərqdə təhlükəsizlik kəməri formalaşdırmağa xidmət edir” - SİYASİ ŞƏRHÇİ

"Bu üçlü saziş, əlbəttə ki, İranın hərəkət imkanlarının məhdudlaşması baxımından vacibdir. Bilirsiniz ki, həm Pakistan, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı kifayət qədər güclü dövlətlərdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu NATO-nun ikinci ən böyük ordusudur, Pakistan nüvə silahına malikdir: "Yəni İranla müqayisədə bu dövlətlərin üstünlükləri kifayət qədər çoxdur.

Səudiyyə Ərəbistanı da dünyanın ən varlı dövlətlərindən biridir və imkanları olduqca genişdir. Deməli, faktiki olaraq İranın bu üçlüyün arasında sıxışıb qalmasından danışmaq olar.

Əslində isə bu dövlətlərin heç biri İrana qarşı düşmənçilik mövqeyi sərgiləmir. Onların hamısı İranla normal münasibətlərin olmasını istəyir. Sadəcə olaraq, İranı buna inandıra bilmirlər. Ona görə də gələcəkdə yarana biləcək təhlükələrin qarşısını birlikdə almaq məqsədilə belə bir saziş imzalanıb.

Təbii ki, nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də Pakistan açıq şəkildə deməyəcək ki, bu üçlü saziş İrana qarşı yönəlib. Sadəcə, Yaxın Şərqdə baş verən hadisələr fonunda təhlükəsizlik kəməri formalaşdırmaq üçün bu addım atılır.

Üstəlik, düşünürəm ki, bu dövlətlərin hər biri ABŞ ilə yaxın münasibətlərə malikdir. Görünür, ABŞ gələcəkdə bölgədəki siyasətini daha çox bu dövlətlər vasitəsilə həyata keçirməyi planlaşdırır. Onsuz da onların imkanlarından istifadə olunur. Ancaq hərbi müstəvidə də artıq bu dövlətlər ABŞ üçün əlavə güc mərkəzi kimi çıxış edəcəklər.

Yəni, İranı idarə edənlər vəziyyəti düzgün qiymətləndirsələr, hesab edirəm ki, bundan sonrakı mərhələdə qarşıdurmanı davam etdirmək əvəzinə, masa arxasında bütün məsələləri həll etməyə çalışacaqlar".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə