Şuşa Qlobal Media Forumu: Azərbaycanın artan beynəlxalq nüfuzunun təntənəsi

Şuşa Qlobal Media Forumu: Azərbaycanın artan beynəlxalq nüfuzunun təntənəsi

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, enerji diplomatiyasını, regional təhlükəsizliyə töhfələrini və qlobal əməkdaşlıq baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qalıb. Azərbaycan bu gün yalnız regionun deyil, qlobal miqyasda sabitliyə, enerji təhlükəsizliyinə və beynəlxalq dialoqun inkişafına mühüm töhfələr verən etibarlı tərəfdaşdır.

Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin böyük maraq göstərdiyi nüfuzlu platformaya çevrilib. Bu il Forumda 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun, 10 beynəlxalq təşkilat və təsisatın iştirakı tədbirin miqyasının ildən-ilə genişləndiyini nümayiş etdirir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya səfər etməsi Forumun beynəlxalq informasiya məkanında xüsusi yer tutduğunu təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İslam dünyasında oynadığı rol da vurğulanıb. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyib. Gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi etməsi də bu siyasətin məntiqi davamıdır. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə İslam dünyasında birliyin gücləndirilməsi, qarşıdurmaların azaldılması və ortaq maraqlar ətrafında həmrəyliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Forumda enerji təhlükəsizliyi məsələləri də əsas mövzulardan biri olub. Prezident İlham Əliyev bildirib ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bununla ölkəmizin boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Avropada etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolu getdikcə artır və bu istiqamətdə yeni əməkdaşlıq imkanları formalaşır. Ölkəmiz həm mövcud yataqlarda hasilatı artırır, həm də yeni layihələri uğurla həyata keçirir. Həmçinin, Avropa bazarında artan tələbat nəzərə alınaraq qaz nəqli infrastrukturunun genişləndirilməsi də strateji prioritetlərdən biridir.

Yaşıl enerji sahəsində həyata keçirilən layihələr də Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığının göstəricisidir. Prezident İlham Əliyevin sözlərinə görə, 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmaq planlaşdırılır. Bu layihələr hesabına elektrik enerjisi istehsalında istifadə olunan təbii qaza qənaət ediləcək və həmin qaz ixrac imkanlarını daha da genişləndirəcək. Beləliklə, ənənəvi enerji resursları ilə yaşıl enerji strategiyası bir-birini tamamlayan inkişaf modeli formalaşdırır.

Prezident İlham Əliyevin çıxışında regional sülh və beynəlxalq əməkdaşlıq məsələləri də mühüm önəm kəsb edir. Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirir, dialoqu və qarşılıqlı anlaşmanı təşviq edir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, müxtəlif tərəflər arasında etibarlı tərəfdaş kimi qəbul edilməsinə və qlobal təşəbbüslərdə fəal iştirakına imkan yaradıb.

Forum çərçivəsində ABŞ ilə münasibətlərə dair vurğulanan fikirlər də mühüm önəm kəsb edir. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın inkişafına dair baxışlarını bölüşərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısının fikirlərində qarşılıqlı maraqlara əsaslanan münasibətlərin gələcək inkişaf perspektivlərinə xüsusi önəm verildiyi diqqət çəkir.

Şuşa artıq yalnız tarixi və mədəni irsin simvolu deyil, həm də beynəlxalq media dialoqunun, siyasi müzakirələrin və qlobal əməkdaşlığın mühüm ünvanlarından biridir. Burada qeyd edilən fikirlər regionun gələcəyinə, beynəlxalq təhlükəsizliyə, enerji əməkdaşlığına və diplomatik münasibətlərə dair mühüm mesajlar kimi dəyərləndirilir. IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş geosiyasi məkanın mühüm siyasi, iqtisadi və informasiya mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar ölkəmizin milli maraqlara əsaslanan xarici siyasət kursunu, müstəqil qərarvermə iradəsini, beynəlxalq hüquqa sadiqliyini, regional sülhə verdiyi töhfələri və qlobal əməkdaşlığın inkişafında artan rolunu bir daha nümayiş etdirdi. Şuşadan dünyaya verilən bu mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, regional liderlik mövqeyinin gücləndiyini və ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə