“Azərbaycan İslam dünyası və Qlobal Cənub çərçivəsində diplomatik əlaqələrini fəallaşdırır” - ŞƏRH
“Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini Əymən Əs-Safadi ilə görüşü iki ölkə arasında münasibətlərin inkişaf dinamikası və Azərbaycanın Yaxın Şərq siyasətinin prioritetləri baxımından əhəmiyyətli hadisə hesab oluna bilər. Bu görüş regional proseslər fonunda Bakı ilə Əmman arasında siyasi dialoqun dərinləşməsi baxımından xüsusi diqqət çəkir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, İordaniya siyasi sabitliyi, ərəb dünyasında xüsusi mövqeyi və beynəlxalq diplomatik əlaqələri ilə seçilən ölkələrdən biridir:
”Bakı–Əmman münasibətlərinin inkişafı Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlıq siyasətinə əlavə dinamika gətirir ki, bu da Azərbaycanın özünü regionlararası əlaqələrin mühüm mərkəzlərindən biri kimi təqdim etmək strategiyasına da uyğundur.
Ümumiyyətlə isə Azərbaycan və İordaniya arasında münasibətlər uzun müddətdir ki, qarşılıqlı hörmət və siyasi yaxınlıq prinsipləri üzərində formalaşıb. İordaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ərəb ölkələrindən biri kimi çıxış edib, Azərbaycan isə öz növbəsində İordaniya ilə münasibətlərə müsəlman dünyası və ərəb regionu ilə əlaqələrin mühüm istiqamətlərindən biri kimi yanaşır. Bu baxımdan yüksək səviyyəli görüşlər qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi üçün mühüm platformadır.
Məlumdur ki, hazırda Yaxın Şərqdə vəziyyət son dərəcə mürəkkəbdir. Qəzza ətrafında davam edən böhran, İsrail–Fələstin qarşıdurması, Suriyadakı qeyri-sabitlik və İran–Qərb münasibətlərindəki gərginlik regionda yeni təhlükəsizlik çağırışları yaradır. İordaniya bu proseslərdə xüsusi diplomatik mövqeyə malikdir. Əmman həm ərəb dünyasında nüfuzlu dövlət kimi, həm də Qərb ölkələri ilə yaxın əlaqələri olan tərəfdaş kimi regional vasitəçilik imkanlarına sahibdir. Azərbaycan üçün belə ölkələrlə siyasi dialoqun gücləndirilməsi Yaxın Şərqdə diplomatik imkanların genişləndirilməsi baxımından vacibdir.
Digər mühüm məqam iqtisadi və humanitar əməkdaşlıq perspektivləridir. Azərbaycan enerji, nəqliyyat, logistika və investisiya sahələrində regional əlaqələri genişləndirməyə çalışır. İordaniyanın isə coğrafi mövqeyi, liman imkanları və ərəb bazarlarına çıxış imkanları əməkdaşlıq üçün yeni istiqamətlər yarada bilər. Xüsusilə nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi, turizm və enerji sahələrində əməkdaşlıq potensialı mövcuddur.
Görüşün simvolik tərəfi də diqqətəlayiqdir. Azərbaycan son illərdə yalnız Cənubi Qafqazda deyil, daha geniş İslam dünyası və Qlobal Cənub çərçivəsində diplomatik əlaqələrini fəallaşdırır. İordaniya kimi sabit və balanslı xarici siyasət yürüdən ölkə ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın regional diplomatiyasının mühüm elementlərindən biridir.
Prezident İlham Əliyev və Əymən Əs-Safadi arasında keçirilən görüşü Azərbaycan–İordaniya münasibətlərində siyasi dialoqun davamlılığının göstəricisi kimi qiymətləndirmək olar. Bu görüş həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də regional məsələlər üzrə mövqelərin əlaqələndirilməsi baxımından əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB