"Hörmüz boğazında sabitliyin qorunması qlobal iqtisadi təhlükəsizliyin əsas şərtlərindən biridir"

"Hörmüz boğazında sabitliyin qorunması qlobal iqtisadi təhlükəsizliyin əsas şərtlərindən biridir"

"Dünyanın ən həssas dəniz yollarından olan Hörmüz boğazı bir neçə aydır ki, böyük güclərin toqquşma meydanına çevrilib".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

Onun sözlərinə görə, bu dar su keçidi qlobal enerji təhlükəsizliyinin ürəyi hesab olunur: "Çünki dünyada hasil edilən neftin 20 faizi məhz bu boğaz vasitəsilə daşınır. ABŞ və İran arasında uzun illərdir davam edən gərginlik son dövrlərdə hərbi müstəviyə keçib. Bu vəziyyət qlobal bazarlarda ciddi təlatümlər yaradıb. Bu günlərdə tərəflər arasında kiçik bir atəşkəs əldə olunsa da, bölgədə sülhdən danışmaq hələ çox tezdir. Ümumiyyətlə ABŞ və İran arasındakı hərbi gərginlik qlobal neft bazarında kəskin qiymət dalğalanmaları yaradıb. Bu vəziyyət qlobal iqtisadiyyata iki əsas istiqamətdə təsir göstərir, bunlar enerji təhlükəsizliyinin sarsılması və inflyasiyanın sürətlənməsidir.
Hazırda Vaşinqton və Tehran arasında diplomatik kanallar vasitəsilə müəyyən razılaşmalar əldə edilib. "İslamabad Sazişi" adı verilən bu sənəd tərəflərə nəfəs almaq imkanı yaradıb. İran boğazdan keçən gəmilərin hərəkətinə qismən icazə verib. ABŞ isə tətbiq etdiyi dəniz blokadasını müvəqqəti olaraq dayandırıb. Lakin bu razılaşma problemin tam həlli demək deyil. İki ölkə arasında nüvə proqramı və regional təsir imkanları ilə bağlı fundamental fikir ayrılıqları hələ də qalmaqdadır.
Təssüfki, ABŞ–İran hərbi gərginliyi fonunda neft tədarükündəki risklər qlobal enerji qiymətlərinin kəskin artmasına səbəb olur. Bu bahalaşma nəqliyyat və istehsal xərclərini artırır, qlobal inflyasiyanı sürətləndirir və iqtisadi artımı zəiflədərək dünya miqyasında ciddi iqtisadi təlatümlər yaradır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə