“Azərbaycanın Avropa ilə əməkdaşlığı milli maraqlarımızın qorunmasına xidmət edir" - DEPUTAT DANIŞDI

“Azərbaycanın Avropa ilə əməkdaşlığı milli maraqlarımızın qorunmasına xidmət edir" - DEPUTAT DANIŞDI

"Azərbaycan öz xarici siyasətini, bir tərəfdən milli maraqların qorunması, digər tərəfdən isə beynəlxalq normalara riayət edilməsi prinsipləri üzərində qurur".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu yanaşma həm qonşu və müttəfiq dövlətlərlə, həm də digər regionlarda yerləşən ölkələrlə münasibətlərdə özünü göstərir:

"Avropa ölkələri ilə münasibətlərimiz də məhz bu prinsiplər əsasında formalaşıb. Biz ikitərəfli və çoxtərəfli əməkdaşlığın, həmçinin mümkün olan bir çox sahələr üzrə birgə fəaliyyətin tərəfdarıyıq.

Bu gün Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan Avropa ilə birlikdə sülhün və əmin-amanlığın qorunmasına da əhəmiyyətli töhfə verir. Digər tərəfdən, bəşəriyyət qarşısında duran qlobal məsələlərin həllində də Azərbaycan hər zaman tərəfdaşlığın və əməkdaşlığın tərəfdarı olub.

Avropa ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq həm milli maraqlarımızın qorunmasına, həm də təhlükəsizliyimizin təmin edilməsinə mühüm töhfə verir.

Vaxtaşırı həm Avropa liderlərinin Azərbaycana, həm də Azərbaycan liderinin Avropaya səfərləri göstərir ki, tərəflər arasında qarşılıqlı maraq mövcuddur və bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində davamlı olaraq ciddi addımlar atılır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə