"Rusiyanın mövcud vəziyyətinin yaxın perspektivdə daha da ağırlaşacağı ehtimalı yüksəkdir. Çünki ölkə uzun müddətdir genişmiqyaslı beynəlxalq sanksiyalar altında fəaliyyət göstərir və bu sanksiyalar iqtisadiyyata ciddi təsir göstərir. Digər tərəfdən, müharibənin davam etməsi hər gün dövlət büdcəsinə böyük maliyyə yükü yaradır".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1)_(2)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib:
"Belə bir şəraitdə uzunmüddətli iqtisadi dayanıqlığı qorumaq getdikcə daha çətinləşir.
Hazırda beş ilə yaxındır davam edən Rusiya–Ukrayna müharibəsi regionda və dünyada ciddi siyasi, iqtisadi və humanitar nəticələr doğurur. Müharibənin başlanmasına görə beynəlxalq ictimaiyyətin böyük hissəsi məsuliyyəti Rusiyanın üzərinə qoyur. Bu səbəbdən də Rusiya beynəlxalq arenada ciddi siyasi təzyiqlərlə və diplomatik təcridlə üzləşir.
Keçmiş sovet məkanında yerləşən bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın, Mərkəzi Asiya ölkələrinin və digər regional aktorların mövqeyi də bu proseslərin fonunda dəyişib. Hətta əvvəllər Rusiyaya yaxın siyasət yürüdən bəzi ölkələr də son illərdə Moskva ilə münasibətlərinə yenidən baxmağa başlayıblar.
Eyni zamanda, enerji sektoru da müəyyən çətinliklərlə üzləşir. Müxtəlif mənbələrdə Rusiyanın bəzi regionlarında yanacaq təminatı ilə bağlı problemlər, satışa tətbiq olunan məhdudiyyətlər və yanacaqdoldurma məntəqələrində növbələrin yarandığı barədə məlumatlar yayılır. Bu da göstərir ki, müharibənin və sanksiyaların iqtisadi təsirləri gündəlik həyata da sirayət edir.
Bütün bunların fonunda Rusiyanın mövcud vəziyyətini, ilk növbədə, öz siyasətinin nəticəsi kimi qiymətləndirən yanaşmalar mövcuddur. Digər tərəfdən, Ukrayna beynəlxalq dəstəyin hesabına müdafiə imkanlarını gücləndirməyə və iqtisadiyyatını bərpa etməyə çalışır. Müharibənin gələcək gedişi isə tərəflərin hərbi, siyasi və iqtisadi imkanlarından, eləcə də beynəlxalq proseslərin inkişafından asılı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB