“Əmək qabiliyyətli insanların böyük əksəriyyəti işlə təmin olunmuşdur” - DEPUTAT DANIŞDI
“2020-ci il Vətən müharibəsinə qədər qarşımızda duran əsas vəzifə torpaqlarımızı işğaldan azad etmək idisə, torpaqlar işğaldan azad edildikdən sonra əsas prioritet azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması olmuşdur”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, dövlət başçısının sərəncamı ilə işğaldan azad olunmuş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tərkibinə daxil edilmişdir:
”Müharibə başa çatan kimi ermənilər tərəfindən dağıdılmış və viran qoyulmuş yaşayış məntəqələrinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı işlərə dərhal başlanılmışdır.
Bu prosesdə ilk növbədə ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması əsas məsələ idi. Son altı il ərzində bu istiqamətdə görülən işlərin miqyası xeyli genişlənmiş və demək olar ki, əsas mərhələ uğurla həyata keçirilməkdədir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə son altı ilə yaxın müddətdə 17 milyard ABŞ dollarından çox vəsait ayrılmışdır. Əldə olunan nəticələr isə sevindiricidir. Hazırda ərazilərin demək olar ki, bütün hissələrində müasir yol infrastrukturu, elektrik şəbəkələri, rabitə sistemləri, həmçinin üç beynəlxalq hava limanı müasir standartlara uyğun şəkildə inşa edilmişdir.
"Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yeni yaşayış məntəqələri salınmışdır. Bu günədək 40-dan çox yaşayış məntəqəsinə 90 mindən artıq keçmiş məcburi köçkün qayıdaraq öz doğma yurdlarında yenidən məskunlaşmışdır.
2022–2026-cı illəri əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunaraq başa çatmaq üzrədir. Hazırda ikinci Dövlət Proqramının hazırlanması istiqamətində işlər davam etdirilir.
İşğaldan azad olunmuş ərazilər yaşıl enerji zonası elan edilmiş və bu ərazilərin enerji tələbatının əsasən bərpa olunan enerji mənbələri hesabına ödənilməsi istiqamətində mühüm addımlar atılmışdır. Qısa müddət ərzində 30-dan çox kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilmiş və hazırda 340 meqavatdan çox hidroenerji gücü formalaşdırılmışdır. Bununla yanaşı, günəş və külək elektrik stansiyalarının tikintisi istiqamətində işlər də davam etdirilir.
Yeni sənaye zonalarının və aqroparkların yaradılması doğma yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Bu gün qayıdan əmək qabiliyyətli insanların böyük əksəriyyəti işlə təmin olunmuşdur. Beləliklə, dövlət paralel şəkildə bir neçə mühüm vəzifəni həyata keçirir: ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun yenidən qurulması, yeni iş yerlərinin yaradılması və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışının təmin edilməsi.
Artıq "Böyük Qayıdış" layihəsi bərpa mərhələsindən dayanıqlı inkişaf mərhələsinə keçməkdədir. Qarşıdakı dövrdə əsas məqsəd yalnız insanların doğma yurdlarına qayıtmasını təmin etmək deyil, həm də həmin əraziləri iqtisadi cəhətdən cəlbedici, sosial baxımdan rahat və təhlükəsiz yaşayış məkanına çevirməkdir.
Bu məqsədə nail olunması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm dövlət proqramlarından birinin uğurunu müəyyən edəcəkdir. "Böyük Qayıdış"ın tam reallaşması təkcə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını deyil, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi sosial-iqtisadi inkişafına tam inteqrasiyasını təmin edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB