"Türkmənistanla Azərbaycan arasında uzun illər münasibətlərdə müəyyən soyuqluq mövcud idi. II Qarabağ müharibəsindən sonra isə bu soyuqluğun aradan qalxması prosesi sürətləndi. Xüsusilə qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanla Türkmənistan arasında 2021-ci ilin yanvar ayında dostluq və əməkdaşlıq ruhunda mühüm bir anlaşma əldə olundu. Söhbət Xəzər dənizinin dibində yerləşən “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmadan gedir. Bu anlaşma tərəflər arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bundan sonra əlaqələr daha da genişləndi və inkişaf etdi:
"Azərbaycan Prezidentinin Türkmənistana, eləcə də Türkmənistan Prezidenti və Türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri mütəmadi xarakter aldı. Bu da tərəflər arasında münasibətlərin dərinləşdiyini göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkmənistan arasında təxminən 800 milyon dollarlıq ticarət dövriyyəsi mövcuddur. Bununla yanaşı, Azərbaycan üzərindən Türkmənistan neftinin daşınması da əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Digər tərəfdən, Transxəzər layihəsi Türkmənistanın öz təbii qazını Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarmaq imkanlarını genişləndirir. İkitərəfli münasibətlər inkişaf edir, Türkmənistanın Azərbaycana münasibəti müsbətdir və bu, mühüm amildir. Azərbaycanın da Türkmənistanla bağlı mövqeyi müsbətdir. Hesab edirəm ki, bu əməkdaşlıq həm ikitərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı baxımından, eyni zamanda regional və qlobal müstəvidə mühüm əhəmiyyət daşıyır. Çünki hər iki dövlət türk dövlətidir, ortaq dil, tarix və etnik köklərə malikdir. Bütün bunlar ümumilikdə münasibətlərin inkişafına müsbət təsir göstərən amillərdir.
Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərləri, eləcə də bu səfərlər çərçivəsində imzalanan sənədlər Türkmənistanın Azərbaycanla münasibətlərə ciddi önəm verdiyini göstərir. Düşünürəm ki, həm strateji, həm də iqtisadi baxımdan bu əlaqələr hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Enerji resursları ilə zəngin olan bu ölkələrin gələcəkdə birgə fəaliyyət üçün geniş imkan və potensialları mövcuddur. Tərəflər bu potensialdan səmərəli şəkildə istifadə etməklə əməkdaşlığı daha da inkişaf etdirə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB