Afrika İttifaqı və Azərbaycan əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə sammitin keçirilməsini müzakirə ediblər.
SİA xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf və Azərbaycanın Efiopiyadakı səfiri, Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibovun görüşünün yekunları üzrə Afrika İttifaqının "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Tərəflər Afrika İttifaqı və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini, o cümlədən əməkdaşlığın genişləndirilməsi üçün Afrika İttifaqı və Azərbaycan sammitinin keçirilməsi perspektivini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Danışıqlar zamanı həmçinin dövlət qulluğu və dövlət sektorunda islahatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Təcrübə, qabaqcıl metodların mübadiləsinə və institusional potensialın artırılmasına xüsusi diqqət yetirilib.
Bundan əlavə, tərəflər aktual beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi üzrə fikir mübadiləsi aparıb, dialoqun, diplomatiyanın və mübahisələrin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB