“Erkən xəbərdarlıq sistemləri həyat xilas edən investisiyalardır” - Nazir müavini

“İqlim böhranı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itməsi şəhərlərin və icmaların dayanıqlı inkişafı üçün yeni yanaşmaların formalaşdırılmasını zəruri edir”.

SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üz-üzədir. Onun sözlərinə görə, bir çox şəhərlərdə iqlim dəyişikliyinin təsirləri ekosistemlərin yaşayış və davamlılıq imkanlarını məhdudlaşdırır.

Umayra Tağıyeva qeyd edib ki, şəhərlərdə iqlim dəyişikliyi ilə əlaqəli risklərə qarşı dayanıqlı bina və infrastrukturun qurulması xüsusi əhəmiyyət daşıyır: “İstilik dalğaları, daşqınlar və digər təbii təhlükələr ciddi problemlər yaradır”.

O vurğulayıb ki, etibarlı, əlçatan və vaxtında xəbərdarlıq sistemləri təbii fəlakətlər zamanı insan itkilərinin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.

Nazir müavini əlavə edib ki, təbii fəlakətlərlə bağlı təhlükəsiz xəbərdarlıq və proqnozlaşdırma sistemləri seçim deyil, insanların həyatını qoruyan mühüm investisiyalardır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə