“Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. WUF13 – BMT-nin Ümumdünya Şəhərsalma Forumunda iştirak etmək üçün Bakıya səfər etdim. Açığı, bu şəhər haqqında çox eşitmişdim, amma gördüklərim gözləntilərimi xeyli üstələdi”.
Bu sözləri WUF13-ün iştirakçısı Sandra Susan Nyawira Odhiambo SİA-ya açıqlamasında deyib.
O bildirib ki, Bakı qədim tarixlə müasir memarlığın ecazkar şəkildə qovuşduğu nadir şəhərlərdən biridir: “Bir tərəfdə dar küçələri və əsrlərin izini daşıyan İçərişəhər, digər tərəfdə isə futuristik memarlığı ilə diqqət çəkən Heydər Əliyev Mərkəzi və Alov Qüllələri yerləşir”.
Sandra Odhiambo forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə birlikdə şəhəri gəzdiyini və xüsusilə Bakı Bulvarının onda dərin təəssürat yaratdığını vurğulayıb: “Xəzər dənizinin sahilində uzanan bulvar həm canlı, həm də olduqca rahat atmosferə malikdir”.
Qonaq Azərbaycan insanının qonaqpərvərliyindən xüsusi məmnunluq ifadə edib: “Hər kəs çox mehriban, yardımsevər və səmimidir. Dolma, Plov, Qutab və təndir çörəyinin dadı uzun müddət yaddaşımdan silinməyəcək. Azərbaycan çayı və mürəbbə isə mənim üçün tamamilə yeni və xoş təcrübə oldu”.
O qeyd edib ki, WUF13-də müzakirə olunan dayanıqlı şəhərlər, yaşıl məkanlar və inklüziv urbanizasiya kimi mövzular Bakının inkişafında da öz əksini tapır: “Geniş parklar, müasir infrastruktur və tarixi irsin qorunması Bakının gələcəyə inamla baxdığını göstərir”.
Sandra Susan Nyawira Odhiambo əlavə edib ki, Bakını tərk edərkən özü ilə yalnız forum təəssüratlarını deyil, həm də bu şəhərin ruhunu aparacaq: “Azərbaycan mənim üçün artıq sadəcə xəritədə bir ölkə deyil. Bu, isti insanların yaşadığı, zəngin mədəniyyətə və təsiredici şəhər həyatına malik xüsusi bir məkandır. Əminəm ki, yenidən Bakıya qayıdacağam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB