“Xalqın çağrışı ilə Ulu Öndər Bakıya qayıdaraq ölkəni böhran və parçalanmadan xilas etdi” - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günlərində Zəngilan rayonuna səfəri böyük siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu səfər, ilk növbədə, ulu öndərin siyasi kursuna sədaqətin, eyni zamanda işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilməlidir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin dinamik inkişafı məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur:

” Bu fikir tarixi və siyasi reallıqlara əsaslanır. Çünki Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpasına, dövlət institutlarının formalaşmasına və milli inkişaf strategiyasının müəyyən edilməsinə səbəb olmuşdur.

1993-cü ildə ulu öndərin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edilməsində həlledici rol oynamışdır. Məhz həmin dövrdən etibarən ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, iqtisadi inkişafın əsası qoyulmuş və Azərbaycanın beynəlxalq nüfuzu artmışdır. Bu gün ölkəmizin əldə etdiyi uğurlar, vətəndaşların rifah halının yüksəlməsi və dövlətin regionda güclü mövqeyə sahib olması həmin siyasətin nəticəsidir.

Zəngilan rayonu tarixən Azərbaycanın zəngin təbiəti, məhsuldar təsərrüfatı və zəhmətkeş insanları ilə seçilən bölgələrindən biri olmuşdur. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində rayon uzun illər işğal altında qalmış, yaşayış məntəqələri dağıdılmış, infrastruktur tamamilə məhv edilmiş, təbii sərvətlər və ekoloji mühit ciddi zərər görmüşdür.

Azərbaycan Ordusunun tarixi Qələbəsindən sonra isə Zəngilanda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Müasir infrastruktur layihələrinin həyata keçirilməsi, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, yolların, yaşayış komplekslərinin və sosial obyektlərin tikilməsi regionun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu proses işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinin və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunmasına xidmət edir.

Eyni zamanda, tarix göstərir ki, 1990-cı illərin əvvəllərində ölkədə mövcud olmuş siyasi idarəetmə böhranı, təcrübəsiz və səriştəsiz hakimiyyətin fəaliyyəti dövlətçiliyin zəifləməsinə və torpaqlarımızın işğalına səbəb olan əsas amillərdən biri olmuşdur. Buna görə də, müasir Azərbaycanın qazandığı nailiyyətlər dövlət idarəçiliyində peşəkarlığın, milli birliyin və uzaqgörən siyasi strategiyanın nə qədər mühüm olduğunu bir daha sübut edir.

Cənab Prezident İlham Əliyev çıxışında Zəngilan rayonunun gələcək inkişaf perspektivlərinə xüsusi diqqət yetirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Xankəndi və Ağdam şəhərlərinə olduğu kimi, Zəngilan istiqamətinə də dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur və bu layihənin yaxın bir il və ya ilyarım ərzində həyata keçirilməsi planlaşdırılır. Bu fikir Zəngilanın gələcəkdə regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Prezident İlham Əliyev vurğulamışdır ki, Zəngilan rayonu strateji-coğrafi mövqeyinə görə beynəlxalq nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biri olmaq potensialına malikdir. Ağbənd üzərindən İran və Fars körfəzinə çıxış imkanlarının yaradılması, eyni zamanda Naxçıvan və Culfa istiqamətində kommunikasiya əlaqələrinin genişləndirilməsi regionun iqtisadi əhəmiyyətini daha da artırır. Bu layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi və nəqliyyat xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq strateji təşəbbüslər hesab olunur.

Cənab Prezident fəaliyyətə başladığı ilk gündən verdiyi vədlərə daim sadiq qaldığını həyata keçirilən layihələrlə sübut etmişdir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, müasir infrastruktur layihələrinin icrası və sosial obyektlərin inşası bunun əyani göstəricisidir. Zəngilana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı səsləndirilən fikirlərin də yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir.

Zəngilana həyata keçirilən səfər olduqca əhəmiyyətli və zəngin məzmunlu olmuşdur. Dövlət başçısı çıxışlarında bir daha bildirmişdir ki, işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlandırılması, müasir infrastrukturun qurulması və əhalinin rahat yaşayışı üçün bütün zəruri tədbirlərin görülməsi bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir. Bu siyasətin nəticəsində həmin ərazilərin yaxın gələcəkdə Azərbaycanın və bütövlükdə regionun ən inkişaf etmiş məkanlarından birinə çevriləcəyi gözlənilir.

Prezident İlham Əliyevin regiona səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən layihələr, göstərilən diqqət və qayğı gələcəkdə həmin bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasına, insanların doğma torpaqlarına qayıdışına və bölgədə davamlı rifahın formalaşmasına mühüm töhfə verəcəkdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə