“Xalqın çağrışı ilə Ulu Öndər Bakıya qayıdaraq ölkəni böhran və parçalanmadan xilas etdi” - DEPUTAT DANIŞDI
“Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətinin gücü sayəsində işğaldan azad olunaraq yenidən qurulan yaşayış məntəqələrinə qayıdan cəbrayıllıların, zəngilanlıların və digər bölgələrə dönən keçmiş məcburi köçkün və qaçqınların firavan həyatını görən doğma Liderin ruhu şaddır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, Ümummilli Lider qaçqın və məcburi köçkünlərlə görüşləri zamanı xalqımızın doğma yurdlara mütləq qayıdacağını daim əminliklə bildirirdi. Bu gün həm də dahi liderimizin arzusunun reallaşdığı gündür.
Bəli, tarix göstərdi ki, səriştəsiz və xəyanətkar AXC–Müsavat cütlüyünün ölkə rəhbərliyinə gəlişi hakimiyyətsizlik və anarxiya mühiti yaradaraq ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyini ciddi təhlükə altına salmışdı. Hakimiyyətdə kreslo savaşı aparan o dövrün rəhbərlərinin yarıtmaz fəaliyyəti nəticəsində Şuşa, Laçın, Kəlbəcər və digər ərazilər erməni işğalı altına düşmüşdü.
Bu gün rahat şəraitdə oturub ağıldan və gələcəkdən danışan həmin dövrün müdafiə naziri “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyirdi. Lakin Şuşa da, digər torpaqlarımız da işğal olunsa da, verdiyi sözə əməl etmədi. Deməli, həmin bəyanatlar xalqı sakitləşdirmək və düşmənin torpaqlarımızı işğal etməsinə şərait yaratmaq məqsədi daşıyırdı.
O günləri xatırlayanda insanı dəhşət bürüyür. Ermənilərin hücumları nəticəsində torpaqlarımız işğal olunduğu halda, döyüş meydanındakı hərbi texnikanın Surət Hüseynov təhlükəsindən ehtiyat edilərək Bakıya gətirilməsi böyük xəyanət idi. Təpədən-dırnağa qədər silahlanmış erməni qüvvələrinin qarşısında ov tüfəngi ilə silahlanmış əliyalın insanları qoymaq, ölkə daxilində vətəndaş müharibəsi təhlükəsinə şərait yaratmaq xalqın taleyinə biganə münasibətin göstəricisi idi.
Bəli, onları dövlətin müstəqilliyi və xalqın taleyi deyil, yalnız hakimiyyətdə qalmaq və öz mənafelərini qorumaq maraqlandırırdı. Məhz buna görə də xalqımız bütün bu faciələrlə üzləşdi.
Lakin Allah xalqımızı sevirdi və Heydər Əliyev kimi dahi şəxsiyyəti xalqımıza bəxş etdi. Ulu Öndərin taleyinə xilaskarlıq missiyası yazılmışdı. Xalqın çağırışına səs verərək Bakıya qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır böhrandan, parçalanma və məhv olmaq təhlükəsindən xilas etdi, dövlətçiliyin möhkəm təməllərini yaratdı.
Bu gün müstəqil Azərbaycan dövlətinin qalib ölkə kimi dünyada günəş tək parlamasını görən dahi Liderin ruhu şaddır. Xalqımız Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı misilsiz rolu heç vaxt unutmayacaq, onu hər zaman böyük ehtiram və minnətdarlıqla yad edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB