"Zərifə Əliyeva nəcib Azərbaycan qadınının parlaq nümunəsidir" - DEPUTAT

"Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməmişdir. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z. Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmiz bu xəstəlikdən xilas olmuşdur.

Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək xəstəliyin yaranma səbəblərini araşdırır, xəstəlik ocaqlarında kompleks şəkildə müalicə və profilaktik tədbirləri həyata keçirirdi.

Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş etmiş, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan və ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam və sakitlik tapır, könüllər xeyirxahlıq şəfəqləri ilə işıqlanırdı. O, insanları sevər, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Akademik Zərifə Əliyeva xeyirin, həqiqətin, bərabərliyin və düzgünlüyün xidmətində dayanmağı özünə ömürlük missiya kimi müəyyənləşdirmişdi və bütün ömrünü bu amala həsr etmişdi.

Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq Zərifə xanımın üzərinə böyük ictimai məsuliyyət qoyurdu və onu daim diqqət mərkəzində saxlayırdı. Lakin o, bütün ömrü boyu özünə və başqalarına təlqin etdiyi həyat prinsiplərini dəyişmədi. İctimai yerlərdə və dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini qorumağa çalışdı. Dəyişən yalnız onun insanlara daha çox kömək etmək imkanlarının genişlənməsi oldu.

Ulu Öndər Heydər Əliyevin də, akademik Zərifə xanım Əliyevanın da əldə etdikləri uğurların təməlində onların bir-birinə qarşılıqlı dəstəyi dayanırdı. Azərbaycan qadınının cəmiyyət həyatındakı yerini və rolunu yüksək görmək istəyən Heydər Əliyev ailə başçısı kimi həyat yoldaşını məişət qayğılarından mümkün qədər uzaqlaşdıraraq elmi fəaliyyətə daha çox yönəlməsinə şərait yaradır, ona mənəvi dayaq olurdu.

Zərifə xanım da öz növbəsində Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, onun qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı.

Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca və haqqında xatirələri oxuduqca aydın olur ki, bu böyük şəxsiyyət yalnız həkim kimi insanların gözlərinə nur gətirməmiş, həm də nəcib əməlləri və örnək davranışları ilə könüllərdə işıq yandırmışdır. O, Azərbaycana və xalqımıza İlham Əliyev kimi layiqli övlad bəxş etmiş, övladlarını yüksək mənəvi dəyərlər əsasında tərbiyə etmişdir.

Məhz buna görə də Zərifə xanımın haqqında danışarkən onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazı canlanır.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərifə xanım Əliyevanın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə