“Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesi sadələşdirilməlidir” - Ombudsman

Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi məqsədilə yeni mexanizmin hazırlanması təklif olunur.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə bağlı məruzəsini təqdim edərkən səsləndirib.

Ombudsman bildirib ki, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna zəruri dəyişikliklərin edilməsi vacibdir. Onun sözlərinə görə, bu addım məhkəmələrin iş yükünün azaldılması və mülkiyyətçilərin hüquqlarının daha səmərəli təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Səbinə Əliyeva əlavə edib ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi də aktual məsələlərdən biri olaraq qalır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə