"Prezident yenidənqurma işlərini şəxsən izləyir" - ŞƏRH EDİLDİ

"Prezidentin Qarabağa səfərləri artıq rutin xarakter daşıyır. Çünki İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gedir, aparılan quruculuq və bərpa işlərinə şəxsən nəzarət edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu il Qarabağa Qayıdışla bağlı dövlət proqramının birinci mərhələsi yekunlaşma mərhələsindədir və həmin mərhələdə təxminən 150 minə yaxın soydaşımızın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur, bu cür səfərlərin daha intensiv xarakter alması tamamilə gözləniləndir: "Bu, prosesin sürətlənməsi və keyfiyyətli icrası baxımından vacibdir.

Prezident bu səfər çərçivəsində Xocavənd və digər ərazilərdə aparılan yenidənqurma işlərini yerində qiymətləndirib, mövcud problemlərlə tanış olub, yaradılmış infrastruktur və sosial şəraitlə bağlı məlumat alıb. Eyni zamanda, məsul şəxslərlə səmimi və tələbkar müzakirələr aparılıb.

Bu səfərlər bölgədə aparılan işlərə birbaşa nəzarət mexanizmini gücləndirir, yerli əhali ilə canlı ünsiyyət qurmağa imkan yaradır, insanların problemlərini birbaşa və vasitəsiz şəkildə eşitməyə, operativ qərarlar qəbul etməyə şərait yaradır və dövlət siyasətinin prioritetlərini bölgə sakinlərinə birbaşa çatdırır. Bu baxımdan, Qarabağa səfərlər sadəcə protokol xarakterli deyil, həm strateji nəzarət, həm də sosial-siyasi baxımdan böyük əhəmiyyət daşıyan işçi səfərlərdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə