"Azərbaycan artıq qlobal məsələlərdə söz sahibidir" - MÖVQE

"Siyasi baxımdan İlham Əliyevin Sülh Şurasında yüksək səviyyədə iştirakı və hətta təşəbbüskar fiqurlardan biri kimi çıxış etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti təsdiqidir".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu, onu göstərir ki, Azərbaycan artıq qlobal məsələlərin müzakirə olunduğu platformalarda söz sahibi olan dövlətə çevrilib.

Bu kontekstdə Donald Trump tərəfindən İlham Əliyevin dəvət olunması xüsusi siyasi əhəmiyyət daşıyır. Bu addım dünyanın aparıcı güclərindən birinin Azərbaycanı mühüm tərəfdaş kimi görmək istədiyini nümayiş etdirir. Azərbaycan üçün belə platformalarda təmsil olunmaq həm siyasi, həm də strateji baxımdan vacibdir və milli maraqlara tam uyğundur.

Sülh Şurası faktiki olaraq qlobal nizamın yenidən formalaşdırılması prosesində iştirak edən əsas mexanizmlərdən biri kimi qiymətləndirilir. Dünya yenidən şəkilləndirilərkən Azərbaycanın bu prosesdə təmsil olunması dövlətimizin maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki beynəlxalq qərarların qəbul olunduğu masada yer almaq və proseslərin birbaşa iştirakçısı olmaq gələcək siyasi və iqtisadi düzənin formalaşmasına təsir göstərmək imkanı yaradır. Məşhur ifadədə deyildiyi kimi, “əgər masa arxasında deyilsinizsə, menyuda olacaqsınız”. Azərbaycan bu gün masa arxasında olan tərəf kimi çıxış edir. Bu isə o deməkdir ki, ölkəmiz qlobal proseslərin passiv obyekti deyil, aktiv iştirakçısı və qərarların formalaşmasında real rol oynayan subyektidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə