“Münasibətlərdə həqiqətən də yeni mərhələ başlayıb. 2022-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində amerikalı həmkarı ilə keçirdiyi görüş və imzalanan sənədlər ikitərəfli əlaqələr tarixində yeni səhifə kimi qiymətləndirilə bilər”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, sonrakı dövrdə ABŞ rəhbərliyinin yüksək səviyyəli təmasları və siyasi dialoqun intensivləşməsi əldə olunmuş razılaşmaların praktik müstəviyə keçdiyini göstərir: “Bu dinamika regional kollektiv təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Prosesdən təkcə Azərbaycan deyil, eyni zamanda Gürcüstan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatı da faydalanır”.
Səməd Seyidov qeyd edib ki, Azərbaycanın ABŞ təşəbbüsü ilə keçirilən sülh və təhlükəsizlik platformalarında iştirakı ölkəmizə göstərilən siyasi etimadın bariz nümunəsidir: “Xüsusilə Donald Trump tərəfindən Azərbaycanın roluna verilən önəm münasibətlərin strateji xarakter daşıdığını nümayiş etdirir”.
Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasəti suverenlik, realizm və qarşılıqlı fayda prinsiplərinə əsaslanır: “Bu gün Gürcüstan və Türkiyə üzərindən Azərbaycan enerji resurslarını, o cümlədən təbii qazı və yaşıl enerji layihələrini Avropaya ixrac edir. Azərbaycan qazı artıq 16 Avropa ölkəsinə çatdırılır ki, onların 10-u Avropa İttifaqının üzvüdür”.
Onun sözlərinə görə, bu nəticələr Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun və strateji baxışının məntiqi davamıdır. Ölkə həm regionda, həm də daha geniş geosiyasi məkanda sabitliyin, enerji təhlükəsizliyinin və əməkdaşlığın təşviqində mühüm rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB