“Ermənistanın Qərbə yönələn siyasəti Rusiyanın siyasi təzyiqi ilə qarşılaşa bilər” - ŞƏRH OLUNDU
“Ermənistanda seçkiqabağı dövrdə Rusiya Federasiyasının mümkün təsir mexanizmlərindən maksimum səviyyədə istifadə edəcəyi ehtimal olunur”. Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın Rusiya üçün həm hərbi-strateji, həm də siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət daşımasıdır:
”Ermənistan ərazisində Rusiyanın hərbi bazasının yerləşməsi, eləcə də region dövlətlərinə təsir imkanlarının uzun illər ərzində bu ölkə vasitəsilə həyata keçirilməsi Moskvanın Cənubi Qafqaz siyasətində Ermənistanın xüsusi yer tutduğunu göstərir.
Eyni zamanda, dörd ilə yaxın davam edən Ukrayna müharibəsi fonunda Ermənistanın Rusiya üçün müəyyən iqtisadi və logistika imkanları yaratdığı, xüsusilə sanksiyalardan yayınma baxımından alternativ platformalardan biri kimi qiymətləndirildiyi müşahidə olunur. Bu kontekstdə seçki prosesləri zamanı Rusiyanın öz siyasi maraqlarına uyğun namizədin hakimiyyətə gəlməsini prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirməsi gözlənilən haldır.
Seçki dövründə siyasi təzyiq vasitələrinin tətbiqi, informasiya təsirləri və ya daxili siyasi gərginliyin artması ehtimalı istisna edilmir. Ermənistan daxilində mümkün xaos və ya siyasi qarşıdurma yalnız ölkədaxili sabitliyə deyil, bütövlükdə regionda gedən geosiyasi proseslərə də təsir göstərə bilər.
Digər tərəfdən, Azərbaycan–Ermənistan münasibətləri və Azərbaycanın milli maraqları, eləcə də təhlükəsizlik strategiyası artıq kifayət qədər qəti və dəyişməz prinsiplər əsasında formalaşdırılıb. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni siyasi və təhlükəsizlik reallıqları Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən qurulmasına səbəb olmuş və bu prosesdə Azərbaycanın rolu müəyyənedici amilə çevrilmişdir.
Bu səbəbdən regional proseslərin tam idarəolunmaz mərhələyə keçəcəyi ehtimalı yüksək qiymətləndirilmir. Bununla belə, Ermənistan daxilində siyasi böhran və daxili qarşıdurma riskinin mövcudluğu regional sabitlik baxımından diqqətlə izlənilməli olan amillərdən biri olaraq qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB