"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində diqqət mərkəzində olan ən mühüm məqamlardan biri Ermənistanın Baş naziri Nikol Paşinyanla geniş tərkibdə keçirilən görüş oldu. Bu görüş Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan növbəti və mühüm addım kimi qiymətləndirilə bilər. Xüsusilə BƏƏ-nin bu dialoqa ev sahibliyi etməsi və tərəflərin konstruktiv müzakirələr aparmağa hazır olduqlarını nümayiş etdirməsi regional sülh prosesinin dinamik xarakter daşıdığını və davamlı olduğunu göstərir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, görüşün geniş tərkibdə keçirilməsi mühüm siyasi mesaj daşıyır:
"Bu, normallaşma prosesinin təkcə iki lider arasında aparılan şəxsi dialoqla məhdudlaşmadığını, eyni zamanda dövlət qurumlarının, müvafiq strukturların və nümayəndə heyətlərinin iştirakı ilə sistemli və institusional müstəvidə reallaşdırıldığını ortaya qoyur. Belə format sülh gündəliyində duran əsas məsələlərin – sülh müqaviləsinin hazırlanması, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi mövzuların daha əhatəli və detallı şəkildə müzakirə olunması üçün əlverişli zəmin yaradır.
Prezident İlham Əliyevin görüş zamanı ortaya qoyduğu mövqe Azərbaycanın prinsipial, ardıcıl və eyni zamanda konstruktiv yanaşmasını bir daha nümayiş etdirir. Azərbaycan regional sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin bu proses ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə tam hörmət əsasında həyata keçirilməlidir. Rəsmi Bakı üçün sülh güzəştlər hesabına deyil, qarşılıqlı öhdəliklər və real siyasi iradə üzərində qurulmalıdır.
BƏƏ-nin bu prosesdə vasitəçi və ev sahibi qismində çıxış etməsi isə Azərbaycanın regional və beynəlxalq tərəfdaşlarla balanslı və səmərəli əməkdaşlıq modelinə malik olduğunu bir daha təsdiqləyir. Neytral və etibarlı platforma kimi BƏƏ-nin seçilməsi dialoqun konstruktiv ruhda keçməsinə müsbət təsir göstərir və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş beynəlxalq səylərin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ümumilikdə, bu görüş göstərir ki, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi mərhələli şəkildə irəliləyir və tərəflər regional sülh və təhlükəsizlik üçün real imkanların formalaşması istiqamətində dialoqu davam etdirməyə hazırdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB