"Prezident İlham Əliyevin Əbu-Dabi səfəri xüsusi əhəmiyyət daşıyır" - POLİTOLOQ DANIŞDI

"Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqallar Şurasının baş katibi Məhəmməd Əbdüssalam ilə görüşü mövcud mərhələdə xüsusi diqqət çəkir. Ümumiyyətlə, Azərbaycanın İslam ölkələri ilə təmasları hazırkı dövrdə olduqca vacib və əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər çoxşaxəli xarakter daşıyır.

Prezidentin Əbu-Dabi səfəri çərçivəsində istər Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi ilə keçirilən görüşlər, istərsə də daha spesifik formatda baş tutan, xüsusilə Məhəmməd Əbdüssalamla görüş göstərir ki, bütün bu təmaslar Azərbaycanın həm Birləşmiş Ərəb Əmirliklərinə, həm ərəb ölkələrinə, həm də ümumilikdə İslam dünyasına verdiyi dəyərin real göstəricisidir. Biz Azərbaycanın haqlı mövqeyinin müdafiəsində, torpaqlarımızın işğal altında olduğu dövrdə həm Birləşmiş Ərəb Əmirliklərindən, həm də bir sıra İslam ölkələrindən ciddi dəstək gördük. Bu gün də həmin əməkdaşlıqlar davam etməkdədir.

Hazırda iqtisadiyyat, energetika, o cümlədən yaşıl enerji sahəsində Birləşmiş Ərəb Əmirlikləri ilə mühüm əməkdaşlıq formatları mövcuddur və bu istiqamətdə intensiv görüşlər keçirilir. Təbii ki, bu münasibətlər çərçivəsində dini etimadın qurulması və dini əməkdaşlıq formatları da mühüm yer tutur. Hesab edirəm ki, cənab Prezidentin Məhəmməd Əbdüssalamla görüşü məhz Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında İslam dini müstəvisində, eləcə də dövlətlərarası mədəni-dini əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüşün ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik olunmasıdır. Öz növbəsində Prezident İlham Əliyev göstərilən diqqətə və yüksək mükafata görə minnətdarlığını ifadə edib, Zayed Fondunun fəaliyyətini və xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhyanın humanitar irsinin təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Adətən bu cür mükafatlar dövlətlərarası münasibətlər kontekstində təqdim olunur. Lakin "Zayed İnsan Qardaşlığı Mükafatı" xüsusi əhəmiyyət daşıyır və Birləşmiş Ərəb Əmirliklərində ən ali mükafatlardan biri hesab olunur. Bu mükafatın cənab Prezidentə təqdim edilməsi Birləşmiş Ərəb Əmirlikləri üçün Azərbaycanın əhəmiyyətini, eyni zamanda Prezident İlham Əliyevin şəxsi nüfuzu vasitəsilə dövlətlərarası münasibətlərə verdiyi töhfəni bir daha təsdiqləyir.

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri üçün mühüm tərəfdaş, strateji ortaq və hətta deyərdim ki, müttəfiq ölkədir. Coğrafi baxımdan fərqli regionlarda yerləşsək də, bizi birləşdirən dərin mədəni, dini və tarixi bağlar mövcuddur. Bu baxımdan belə təmaslar və jestlər diplomatik müstəvidə xüsusi əhəmiyyət daşıyır və dövlətlərarası münasibətlərin gələcək perspektivdə daha da inkişafına ciddi töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə