"Azərbaycan regionda sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir" - ŞƏRH EDİLDİ

"Azərbaycan artıq regional güc statusunu faktiki olaraq təsdiqləmiş dövlətdir və bu mövqe təkcə bəyanatlarla deyil, konkret siyasi, hərbi və iqtisadi nəticələrlə özünü göstərir. Cənubi Qafqaz coğrafiyasında Azərbaycan bu gün siyasi təsir imkanlarına, dayanıqlı iqtisadi potensiala və güclü hərbi infrastruktura malik olan aparıcı aktordur. Regionda baş verən proseslərin əksəriyyətində Azərbaycanın mövqeyi həlledici amil kimi çıxış edir və bu reallıq həm qonşu ölkələr, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə və sonrakı dövrdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması Azərbaycanın gücünü və siyasi iradəsini açıq şəkildə nümayiş etdirdi:

"Bu hadisələr regionda uzun illər formalaşmış status-kvonu dəyişdi və Azərbaycanı qalib dövlət, yeni reallıqların müəllifi kimi ön plana çıxardı. Bu gün Azərbaycanla hesablaşırlar, onun mövqeyi nəzərə alınmadan regionda heç bir ciddi layihə və ya siyasi qərar mümkün deyil. Azərbaycan beynəlxalq və regional təşkilatlar çərçivəsində də öz sözünü deməyi bacaran, prinsipial və müstəqil siyasət yürüdən dövlətdir. Ölkəmizin Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Şurasının üzvü olması, eləcə də ötən ilin sonlarında D8 Təşkilatına qoşulması Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Bu üzvlüklər Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir və yeni siyasi-iqtisadi əməkdaşlıq imkanları yaradır.

Eyni zamanda, Azərbaycan mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində ardıcıl addımlar atır. Orta Dəhliz layihəsi və Zəngəzur dəhlizi ilə bağlı görülən işlər ölkəmizin geostrateji əhəmiyyətini daha da artırır. Bu dəhlizlər Asiya ilə Avropanı birləşdirən ən qısa və etibarlı marşrutlardan biri olmaqla, Azərbaycanın tranzit potensialını gücləndirir və iqtisadi gəlirlərin artmasına xidmət edir. Nəqliyyat və kommunikasiya sahəsində formalaşan bu üstünlüklər regionun iqtisadi xəritəsini yenidən müəyyənləşdirir.

Azərbaycan ənənəvi olaraq neft və qaz ixracatçısı kimi tanınsa da, son illərdə alternativ və bərpa olunan enerji sahəsində də ciddi irəliləyişlər əldə edir. “Yaşıl enerji” strategiyası çərçivəsində həyata keçirilən layihələr ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Avropa və digər bazarlar üçün etibarlı tərəfdaş imicini daha da gücləndirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə yeni imkanlar açır.

Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, sənaye zonalarının yaradılması, kənd təsərrüfatının və turizmin inkişafı gələcəkdə böyük iqtisadi dividendlər vəd edir. Hesab edirəm ki, bu bölgələrə qoyulan sərmayələr orta və uzunmüddətli perspektivdə artıqlaması ilə Azərbaycan iqtisadiyyatına geri dönəcək, ölkənin ümumi inkişaf tempini daha da sürətləndirəcək. Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regionda sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir. Mövcud potensial və düzgün müəyyənləşdirilmiş prioritetlər ölkəmizin gələcəkdə də regional və beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirəcəyini deməyə əsas verir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə