“Cənab Prezidentin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan etmək təşəbbüsü Azərbaycan dövlətinin humanism və sosial ədalət pronsiplərinə verdiyi önəmin daha bir bariz ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Onun sözlərinə görə, bu qərar hüquqi akt olmaqla yanaşı, eyni zamanda dövlətin insan kapitalına və ictimai sabitliyə verdiyi yüksək dəyəri də əks etdirir:
“Amnistiya təşəbbüsü göstərir ki, müasir Azərbaycan dövlətçiliyi gücünü həm qanundan, həm də humanist prinsiplərdən alır.
Məlumdur ki, müstəqil Azərbaycan dövlətinin ideoloji və hüquqi əsasları Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində formalaşıb. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkənin suverenliyini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən möhkəm təməl rolunu oynayıb. Bu təməl üzərində inşa edilən dövlətçilik xəttinin ardıcıl və uğurlu davamı bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə təmin olunur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsünün irəli sürülməsi də məhz bu siyasi və hüquqi varisliyin məntiqi davamıdır.
Amnistiya aktı dövlət siyasətində humanizm və sosial ədalətin mərkəzi yer tutduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin fəaliyyətində insan amili əsas ideoloji dayaqlardan biri kimi çıxış edir. Bu yanaşma hüquq sistemində cəzalandırma siyasətinin yalnız repressiv deyil, həm də tərbiyəvi və islah edici xarakter daşımasını ön plana çıxarır. Dövlət açıq mesaj verir ki, məqsəd cəmiyyət üzvlərini cəzalandırmaq deyil, onları yenidən ictimai həyata inteqrasiya etmək, səhvlərdən nəticə çıxarmağa imkan yaratmaqdır. Bu isə sosial harmoniyanın qorunması və vətəndaşların dövlətə olan etimadının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni amnistiya aktı sosial baxımdan həssas kateqoriyalara aid şəxsləri əhatə etməsi ilə də seçilir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş mülki şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər və yetkinlik yaşına çatmamış dövrdə cinayət törətmiş şəxslər bu humanist yanaşmadan faydalanacaqlar. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma ədalət və tərbiyəvi məqsədləri uzlaşdıran balanslı dövlət siyasətini əks etdirir.
İlkin hesablamalara əsasən, amnistiya 20 mindən çox şəxsi əhatə edəcək ki, bu da müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı humanitar-hüquqi təşəbbüslərdən biri olacaq. Onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox şəxsin alternativ cəzalarla azad olunacağı, mindən artıq şəxsin isə cinayət məsuliyyətindən tam azad ediləcəyi gözlənilir. Bu statistika dövlətin humanizm prinsiplərinə formal deyil, real və praktiki səviyyədə sadiqliyini nümayiş etdirir.
Ümumi olaraq qeyd edim ki, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyinin gücünün yalnız hüquqi və siyasi uğurlarla ölçülmədiyini, eyni zamanda humanist və sosial ədalət prinsiplərinə sadiqliyi ilə də ifadə olunduğunu göstərir. Bu addım, dövlət və vətəndaş arasında etimadın möhkəmləndirilməsi, sosial harmoniyanın qorunması və idarəetmənin humanist təməllərini ön plana çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB