“Avropa İttifaqının Ermənistanla imzaladığı sənəddən də açıq şəkildə görünür ki, qurum artıq Azərbaycanla bağlı qərəzli və birtərəfli mövqe sərgiləməyə başlayıb. Bu yanaşma regionda formalaşan yeni siyasi və geosiyasi reallıqlarla ziddiyyət təşkil edir və sülh prosesinə xidmət etmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, belə bir mövqe, əslində, Cənubi Qafqazda davam edən normallaşma və əməkdaşlıq cəhdlərinə kölgə salmaqla yanaşı, qarşılıqlı etimadın formalaşmasına da ciddi zərbə vurur:
“Hazırda regionda mühüm siyasi proseslər gedir. Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir və bu prosesdə yalnız regional aktorlar deyil, eyni zamanda ABŞ kimi qlobal güclər də iştirak edir. Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, sülh sazişinin imzalanması və uzunmüddətli sabitliyin təmin olunması üçün real imkanlar yaranıb. Belə bir şəraitdə Ermənistanın Avropa İttifaqı ilə anti-Azərbaycan məzmunlu sənədlər imzalaması konstruktiv addım kimi qiymətləndirilə bilməz.
Əgər Ermənistan tərəfi həqiqətən sülh və əməkdaşlıq niyyətində idisə, siyasi iradə ortaya qoyaraq bu sənədi ya ümumiyyətlə imzalamamalı, ya da ən azı Azərbaycana qarşı yönəlmiş bəndlərin sənəddən çıxarılmasına nail olmalı idi. Lakin mövcud vəziyyət göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələdə kompromisə getməyə meylli deyil və daha çox xarici siyasi təsirlərin diktəsi ilə hərəkət edir. Bu isə regionda gərginliyin yenidən artmasına səbəb ola biləcək riskli yanaşmadır.
Avropa İttifaqı isə anlamalıdır ki, Cənubi Qafqazda artıq yeni geosiyasi reallıqlar formalaşıb və bu reallıqları nəzərə almadan aparılan siyasət uğurlu ola bilməz. Qurum regionda balanslı, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləməli, tərəflərdən birinə açıq şəkildə üstünlük verməkdən çəkinməlidir. Əks halda, Avropa İttifaqının vasitəçi və tərəfdaş kimi rolu sual altına düşəcək və regionda sülhə töhfə vermək imkanları ciddi şəkildə məhdudlaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB