“Azərbaycan insan hüquqları və demokratiyanın inkişafına önəm verir” - ŞƏRH

"Birləşmiş Millətlər Təşkilatı tərəfindən 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir və Azərbaycan da BMT-nin üzvü olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən bir dövlət kimi bu günü qeyd edir və eyni zamanda beynəlxalq insan hüquqlarından irəli gələn öhdəliklərini ləyaqətlə icra edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülüb: "Ombudsman institutu fəaliyyət göstərir və eyni zamanda Ulu Öndər Heydər Əliyevin dövründə, məsələn, senzura ləğv edilib, ölüm hökmü aradan qaldırılıb, insanların öz hüquq və azadlıqlarını sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb. Bu gün ölkəmizdə insanlar sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər. Hər bir sosial şəbəkə istifadəçisinin sanki özünün media orqanı var. Nəzərə alsaq ki, ölkəmizdə 18 yaşdan yuxarı əhalinin 6 milyon 760 min nəfəri sosial şəbəkə istifadəçisidir, bunun 1 milyondan çoxu Facebook, 4 milyondan çoxu Instagram, 6 milyon 760 min nəfəri isə TikTok istifadəçisidir. Hər kəs öz fikrini açıq şəkildə ifadə edə bilir və bu sahədə heç bir məhdudiyyət yoxdur.

Azərbaycan dövləti demokratiyanın inkişafı yolunu seçib. Nəzərə alsaq ki, demokratiya özü bir prosesdir, burada son nöqtə yoxdur. Heç bir dövlət deyə bilməz ki, o, demokratiyanın zirvəsindədir və ondan o yana artıq inkişaf mümkün deyil. Demokratiya daim inkişaf edən bir prosesdir və Azərbaycan bu prosesin fəal iştirakçısıdır. Ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri hər dəfə sübut edir ki, Azərbaycanda insanların öz fikrini və mövqeyini sərbəst şəkildə ifadə etmək imkanı var və bundan da məmnuniyyətlə istifadə olunur.

Azərbaycan insan hüquq və azadlıqlarının qorunması məsələsində hər zaman həssaslıqla yanaşır. Nəzərə alsaq ki, Azərbaycan çoxmillətli dövlətdir, burada bütün millətlərin və dinlərin nümayəndələri bir ailə kimi harmoniya şəraitində yaşayır. Multikulturalizm ölkəmizdə həm dövlət siyasətidir, həm ictimai sifarişdir, həm də bizim zənginliyimizin ifadəsi və gələcəyimizin təminatıdır. Azərbaycan bu dəyərlərə sədaqət nümayiş etdirir və insan hüquq və azadlıqlarının qorunması məsələsinə prioritet sahə kimi yanaşır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə