"Belə bir yaxınlaşma yeni faciələrin yaşanmasına səbəb ola bilər" - ŞƏRH EDİLDİ

"Normal qonşuluq prinsipləri bütün tərəflər üçün həmişə faydalı nəticələr gətirən və həm iqtisadi, həm siyasi, ümumilikdə bütün sahələrdə inkişafı təmin edən yoldur. Amma qonşuluq prinsiplərini həyata keçirərkən bütün dövlətlər – o cümlədən Azərbaycan dövləti – qarşılıq prinsipini əsas tutur". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, əgər bir dövlətin digər dövlətə qarşı atdığı addımlar qarşılıqlı olmayacaqsa, heç bir tərəf öz imkanlarından digəri üçün istifadə etməyə borclu deyil: "Azərbaycan da məhz bu prinsiplə yanaşır. Məsələn, Ermənistanla niyə hələ də iqtisadi-ticari əlaqələr qurulmur, sərhədlər açılmır? Çünki qarşılıq yoxdur. Türkiyə ilə münasibətlər niyə yüksək səviyyədədir? Çünki qarşılıqlı anlayış və əməkdaşlıq var. İranla və Rusiya ilə münasibətlərin zaman-zaman dəyişməsi isə onların atdığı addımlarla bağlıdır.

Ermənistanla yaxınlaşma da sırf qonşuluq prinsipinə deyil, qarşılıqlı münasibətə əsaslanmalıdır. Unutmamalıyıq ki, 200 ildir anti-türk və anti-Azərbaycan mövqeyində dayanan, fürsət düşdükcə torpaq iddiası irəli sürən, bizə qarşı soyqırımlar həyata keçirən bir ölkə ilə üz-üzəyik. Onların siyasi, mədəni və ideoloji düşüncəsində Azərbaycan və türklərə qarşı nifrət dərin kök salıb.

Buna görə də Azərbaycan Ermənistanla normallaşma prosesini yalnız qarşılıq əsasında, siyasi-iqtisadi və diplomatik müstəvidə, tranzit yolların açılması, qarşılıqlı iqtisadi fayda və bölgədə sabitliyin yaradılması məqsədilə aparmalıdır. Amma mədəni, sosial və hərbi sahələrdə tam yaxınlaşma üçün əvvəlcə Ermənistanda anti-türk və anti-Azərbaycan nifrətinin aradan qalxdığı dəqiq şəkildə təsdiqlənməlidir. Əks halda, belə bir yaxınlaşma keçmiş faciələrin unudulmasına və yenilərinin yaşanmasına səbəb ola bilər. Yəni, hər şeyin əsası – əvvəlcə etibarın bərpası və qarşılıqlıqdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə