Bakıda Rumıniyanın Milli Günü qeyd edilib

Bakıda Rumıniyanın Milli Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin tarixindən, Milli Günün əhəmiyyətindən bəhs edib. O, 1918-ci ildə Alba Yuliyada Bessarabiya, Bukovina və Transilvaniya rumınlarının bir araya gələrək Böyük Birliyi elan etməsinin Rumıniya dövlətçiliyinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Azərbaycanla Rumıniya arasındakı dostluq münasibətlərindən danışan səfir bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, siyasət, iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. O, xüsusilə “Yaşıl Enerji Dəhlizi” layihəsi, Qara dəniz üzrə nəqliyyat marşrutları və ikitərəfli ticari əlaqələrin artımını iki ölkə arasında möhkəm dialoqun göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı çıxışında Prezident İlham Əliyevin Rumıniya dövlətinə və xalqına Milli Gün münasibətilə səmimi təbriklərini çatdırıb.

Rumıniyanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edən M.Qasımlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri ilə təməli qoyulan münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizin hüquqi bazasını daha da möhkəmləndirib.

Sonra tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə