"Türk dövlətləri bir araya gəlməyi bacardı" - ŞƏRH EDİLDİ

"Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin vətəndaş cəmiyyəti təmsilçilərinin bir araya gəlməsi və forum təsis etməsi, əslində, gecikmiş addımdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bunu çoxdan etmək lazım idi. Əgər vaxtında edilsəydi, bir çox məsələlərdə daha effektiv işləyə bilərdik. Məsələn, bu forumu 44 günlük Vətən müharibəsi öncəsi təsis etsəydik, o savaş günlərində qardaş türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının potensialından daha effektiv şəkildə istifadə etmək mümkün olardı.

Amma gec də olsa, bu addım xeyirlidir, çünki bu sahədə olan boşluğu doldurmaq vacib idi və bu, artıq baş verib. İndi forum təsis olunub və ümid edirəm ki, onun effektiv fəaliyyəti üçün bütün üzv dövlətlər üzərlərinə düşəni edəcəklər. Biz də vətəndaş cəmiyyəti vasitəsilə ölkələrimiz arasında inteqrasiyanı daha da sürətləndirəcəyik. Ortaq türk məsələlərinin hələ çoxlu həll olunmamış hissəsi var və onların həllində vətəndaş cəmiyyəti təmsilçiləri mühüm töhfə verə bilər. Azərbaycanda türk dünyası ilə bağlı çalışan az sayda təşkilat olsa da, onlar indiyədək bu istiqamətdə əllərindən gələni ediblər və bundan sonra da edəcəklər. İndi bu forum vasitəsilə həmin təşkilatlar daha həvəslə və rahat şəkildə fəaliyyət göstərə biləcəklər.

Eyni zamanda, digər türk dövlətlərindəki vətəndaş cəmiyyəti qurumları da artıq öz istiqamətləri üzrə uyğun təşkilatlarla işbirliyini dərinləşdirəcəklər. Bizim yaxınlaşmağımız, inteqrasiyanın sürətlənməsi və ortaq maraqlara xidmət etməyimiz baxımından bu forum olduqca vacibdir.

Əlbəttə, forumun işində növbəti mərhələdə türk dünyası istiqamətində təcrübəsi olan şəxslərin cəlb edilməsi əsas şərtdir. Çünki bəzən bu cür qurumların başına sahədən xəbəri olmayan şəxslər gətirilir və nəticədə həmin strukturlar fəaliyyət göstərə bilmir. Qardaş Türkiyədə bu kimi nümunələr olub – türk dünyası ilə bağlı qurumlar yaradılıb, dövlət dəstək verib, amma başında təcrübəsiz insanlar olduğuna görə uğursuzluqla nəticələnib. Ümid edirəm ki, Azərbaycanda bu səhv təkrarlanmayacaq. Düşünürəm ki, türk dünyasını tanıyan, bilən və bu sahədə təcrübəsi olan insanlar önə çəkiləcək və bu, həqiqi nəticələr əldə etməyə imkan verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə