“Böyük Qayıdış’ prosesində azad olunmuş ərazilərin bərpası uğurla davam edir” - ŞƏRH EDİLDİ
"Azərbaycanın 2020-ci ildən sonra formalaşdırdığı yeni regional reallıq “Böyük Qayıdış” prosesini həm siyasi, həm təhlükəsizlik, həm də sosial-iqtisadi baxımdan ölkənin uzunmüddətli inkişaf gündəliyinin əsas xəttinə çevirdi. 2020-2025-ci illər arasında görülən işlər göstərir ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə dövlətçilik modelini sıfırdan qurmaqla yanaşı, bu bölgəni strateji inkişaf zonası kimi müəyyən edib və kompleks şəkildə idarə olunan vahid proqram həyata keçirir. Bu proqramın əsas üstünlüyü onun mərhələli, planlı və davamlı xarakter daşımasıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu beş il ərzində ilk növbədə təhlükəsizlik məsələlərinin həlli prioritet təşkil edib. Ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, sərhəd və daxili təhlükəsizlik infrastrukturunun qurulması, dövlət suverenliyinin tam bərpası böyük qayıdış üçün ilkin şərt idi: "Xüsusilə 2023-cü ilin sentyabrında separatçılıq ocağının aradan qaldırılması ilə bölgədə milli təhlükəsizlik tam təmin olundu və prosesin növbəti mərhələsinə keçid mümkün oldu. Təhlükəsizliyin təminindən sonra azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi. Yol, su, elektrik, qaz və kommunikasiya xətlərinin çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, yeni şəhər planlaması və “ağıllı kənd” modellərinin tətbiqi bölgənin inkişafına strateji təkan verdi. Füzuli, Zəngilan, Laçın, Kəlbəcər və digər rayonlarda aparılan bu işlər regionun tamamilə yeni iqtisadi məkan kimi formalaşmasına zəmin yaratdı. Bir vaxtlar tamamilə dağıdılmış şəhərlərin qısa zaman ərzində müasir, planlı şəkildə yenidən qurulması dövlət gücünün və siyasi iradənin praktiki göstəricisi kimi çıxış edir.
2022-ci ildən başlayaraq prosesin sosial mərhələsi - vətəndaşların öz yurdlarına qaytarılması həyata keçirilməyə başladı. Laçın, Zəngilan, Füzuli və Şuşada ilk köçlər artıq baş tutub və bu prosesin mərhələli şəkildə genişlənməsi nəzərdə tutulur. Köçürülən ailələr üçün inşa edilmiş müasir yaşayış massivləri, məktəblər, xəstəxanalar, sosial xidmət mərkəzləri və iş yerlərinin yaradılması dövlətin bölgəyə yalnız fiziki deyil, həm də sosial həyat qaytardığını göstərir.
Bununla yanaşı, “Böyük Qayıdış” iqtisadi və strateji layihələrlə də müşayiət olunur. Azad olunmuş ərazilərin turizm, kənd təsərrüfatı, bərpaolunan enerji və logistika baxımından böyük potensiala malik olması bu regionu Azərbaycanın gələcək iqtisadi xəritəsinin mühüm mərkəzinə çevirir. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi və bölgədə planlaşdırılan yaşıl enerji zonaları Qarabağı təkcə ölkə miqyasında deyil, regional kontekstdə də strateji oyunçuya çevirəcək.
2020–2025-ci illər ərzində görülən işlər həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqelərini möhkəmləndirdi. Azad olunmuş ərazilərin bərpası ilə bağlı təqdim olunan layihələr, xarici investisiya çağırışları, qardaş və dost ölkələrin tikinti və humanitar layihələrdə iştirakı Azərbaycanın bu məsələyə nə qədər açıq, şəffaf və uzunmüddətli yanaşdığını nümayiş etdirir. “Böyük Qayıdış” prosesi təkcə humanitar missiya deyil, Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi və iqtisadi inkişaf strategiyası ilə birbaşa bağlı olan kompleks dövlət proqramıdır. 2020–2025-ci illər ərzində görülən işlər bu proqramın uğurla həyata keçirildiyini göstərir və qarşıdakı illərdə daha geniş miqyasda davam edəcəyini deməyə əsas verir. Bu proses həm ölkənin daxili siyasi sabitliyini gücləndirir, həm də Azərbaycanın regional güc kimi mövqelərini möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB