"Böyük Qayıdış prosesi davam edir" - POLİTOLOQ DANIŞDI

"Böyük Qayıdış prosesi, İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən bir il yarım sonra başladı. Bu müddətdə ən çox diqqət çəkən məsələlərdən biri mina təhlükəsi idi. Demək olar ki, artıq dörd ilə yaxındır ki, bu proses davam edir. Amma hələ də qarşıda problemlər var". Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, bu problemlər əsasən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinin davam etməsi ilə bağlıdır: "Buna baxmayaraq, Azərbaycan dövləti ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, infrastrukturun qurulması və yeni yaşayış məntəqələrinin – kəndlərin, qəsəbələrin, şəhərlərin salınması istiqamətində işləri sürətlə həyata keçirir. Bu istiqamətdə Cəbrayıl, Füzuli, Ağdam şəhərlərinin yenidən qurulması, Şuşanın əsaslı bərpası, Kəlbəcər və Laçının yenidən tikilməsi prosesi davam edir. Demək olar ki, bölgənin əksər hissəsində infrastruktur sıfırdan qurulur – kommunal xətlərin çəkilməsi, ictimai obyektlərin tikilməsi və sair. Təxminən 10 milyard dollardan artıq vəsait xərclənib. Hətta bəzi mənbələr bu rəqəmin 20 milyard dollara çatdığını bildirir. Bu, çox böyük məbləğdir, lakin görülən işlər də əhatəli və genişdir. Bütün bunları Azərbaycan dövləti öz imkanları hesabına həyata keçirir, yəni xarici maliyyə dəstəyi yoxdur.

Digər bir mühüm məqam ondan ibarətdir ki, bölgədə artıq üç beynəlxalq hava limanı istifadəyə verilib: Füzuli, Zəngilan və Laçın hava limanları. Bu da regionun logistikasına və iqtisadiyyatına ciddi təsir göstərir. Artıq həmin ərazilərdə iki seçki – parlament və prezident seçkiləri keçirilib, bələdiyyə seçkiləri də baş tutub. Yəni, bölgədə yaşayan insanlar artıq siyasi proseslərdə iştirak edirlər. Bu da Böyük Qayıdış proqramının həyata keçirildiyini göstərən əsas nümunələrdəndir. Düzdür, hələlik bu prosesin qısa müddətdə tam başa çatacağını demək olmaz. Kəndlərin, qəsəbələrin salınması, insanların geri qaytarılması və onların orada məskunlaşdırılması prosesi vaxt tələb edir. Təxminən ölkənin 20 faizinə yaxın ərazisi sıradan çıxmışdı. Bu səbəbdən həm maliyyə, həm də zaman baxımından bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

Yekunda deyə bilərik ki, proses davam edir və indiyə qədər çox iş görülüb. Amma qarşıda da görüləcək xeyli iş var və bunun üçün müəyyən zaman lazımdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə