"Azərbaycan qalib dövlətdir və bu qalibiyyət əbədi olacaq” - ŞƏRH OLUNDU

“Prezident İlham Əliyevin Zəfər paradındakı çıxışı həm siyasi məzmunu, həm də simvolik mənası baxımından çoxqatlı və strateji xarakter daşıyır. Bu nitq təkcə 44 günlük Vətən müharibəsinin nəticələrinin xatırladılması deyil, həm də Azərbaycanın son beş ildə keçdiyi inkişaf yolunun, qazandığı regional mövqenin və gələcəyə yönəlik dövlət strategiyasının ifadəsi kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, çıxışın ən diqqətçəkən hissəsi Prezidentin Türkiyə və Pakistan rəhbərlərinə ünvanladığı səmimi təşəkkür və həmrəylik sözləridir: “Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildəki siyasi və mənəvi dəstəyinə xüsusi vurğu edilməsi, eyni zamanda Pakistan Baş nazirinin builki paradda iştirakı, üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın strateji birliyinin artıq regional sabitlik və təhlükəsizlik sisteminə çevrildiyini göstərir. Prezident bu birliyi “birliyin təzahürü” kimi dəyərləndirərək onu sadəcə diplomatik əməkdaşlıq deyil, həm də ortaq tarixi köklərə, mənəvi və ideoloji bağlılığa əsaslanan dəyər kimi təqdim etdi.

Nitqin əsas xətti Azərbaycanın 30 il davam edən işğal dövründə milli iradəsini itirməməsi və nəhayət, öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi üzərində qurulmuşdu. Prezidentin “biz özümüz bərpa etdik” ifadəsi bu mənada həm beynəlxalq hüquq, həm də milli qürur kontekstində mühüm simvolik məna daşıyır. İlham Əliyev iqtisadi və siyasi müstəqilliyin, güclü ordunun və xalq birliyinin şanlı Zəfərin əsas dayaqları olduğunu vurğulamaqla suverenlik anlayışını yalnız ərazi bütövlüyü deyil, həm də dövlətin siyasi və iqtisadi azadlığı kimi təqdim etdi.

Prezidentin nitqində xüsusi yer tutan digər məsələ milli həmrəylik və vətənpərvərlik ruhunda yetişmiş gənclərin rolu idi. O, “xalq–iqtidar birliyi”nin və vətənə sevgi hissinin 44 günlük müharibədə qələbəni təmin edən əsas mənəvi gücə çevrildiyini bildirdi. Bu, Zəfərin təkcə hərbi deyil, həm də ideoloji mübarizənin nəticəsi olduğunu göstərir. Azərbaycanın gənc nəslinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq dövlətin uzun illər apardığı ideoloji və tərbiyə siyasətinin bəhrəsi kimi təqdim olundu.

Çıxışın son hissəsində Prezident diqqəti azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə yönəltdi. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, enerji və nəqliyyat infrastrukturu ilə bağlı görülən tədbirlər, “Böyük Qayıdış” proqramının uğurla icrası artıq qələbə retorikasından dayanıqlı inkişaf mərhələsinə keçidin göstəricisidir. İlham Əliyev bu prosesin təkcə iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıdığını, çünki xalqın doğma torpaqlarına dönüşünün milli ləyaqətin bərpası olduğunu xüsusi vurğuladı.

Nitq həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesaj daşıyırdı. Prezidentin “biz beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik” fikri Azərbaycanın artıq regional və qlobal arenada müstəqil qərar verən, güc mərkəzinə çevrilən dövlət olduğunu açıq şəkildə nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın bundan sonra da müstəqil siyasətini davam etdirəcəyinin, heç bir xarici təsirə boyun əyməyəcəyinin bəyanıdır. Nəticə etibarilə, Prezident İlham Əliyevin Zəfər paradındakı çıxışı təkcə bir yubiley nitqi deyil, Azərbaycanın gələcək strateji istiqamətinin, milli ideoloji xəttinin və dövlət kimliyinin manifesti kimi səsləndi. Burada milli birlik, regional tərəfdaşlıq, suverenlik, müstəqillik və inkişaf anlayışları bir-birini tamamlayan əsas sütunlar kimi təqdim edildi. Nitq həm emosional gücü, həm siyasi məzmunu, həm də gələcəyə ünvanlanmış çağırışı ilə bir mesaj ətrafında yekunlaşdı: Azərbaycan qalib dövlətdir və bu qalibiyyət əbədi olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə