İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) Qarabağ Zəfərinin 5-ci ildönümünü xüsusi proqramla qeyd edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İSTAD mərkəzində keçirilən tədbir iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi, Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükut və “Qurani-Kərim”dən ayələr oxunaraq yad edilməsi ilə başlayıb.
İSTAD-ın sədr müavini Metin Yıldırımın təqdimatında keçirilən mərasimdə çıxış edən dərnək sədri və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi Səfər Qaraqoyunlu Qarabağ Zəfərini Türk dünyasının birlik ruhunun oyanışı kimi qiymətləndirib.
O, Vətən müharibəsində qazanılan Qələbənin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi bir dönüş nöqtəsi olduğunu vurğulayıb, Qarabağ məsələsinin dərin tarixi kökləri barədə danışıb.
Tədbirdə çıxış edən Türkiyə–Azərbaycan dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım ölkələrimiz arasındakı strateji münasibətlər və bölgədəki son proseslər barədə danışıb.
Qarabağ Zəfəri nəticəsində ortaya çıxan prioritetlərdən biri olan Zəngəzur dəhlizinin (TRIPP) həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətini vurğulayan Şamil Ayrım bunun yalnız Azərbaycan və Türkiyəni deyil, bütün türk dünyasını birləşdirəcək strateji marşrut olduğunu deyib.
Tədbirdə iştirak edən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin, sadəcə, diplomatik deyil, həm də tarixi və mənəvi bağlara söykəndiyini vurğulayıb.
“Türkiyə–Azərbaycan qardaşlığı dünyada bənzəri olmayan həmrəylik nümunəsidir. Bu qardaşlıq əsrlərə dayanır və hər il daha da möhkəmlənir. Bu gün burada gördüyümüz mənzərə bu birliyin ən gözəl göstəricisidir. Əminəm ki, bu qardaşlıq gələcəkdə də ən yüksək səviyyədə davam edəcək”, - deyə o bildirib.
Professor Okan Yeşilot çıxışında Azərbaycanın Qafqazdakı strateji mövqeyinə diqqət çəkərək, Zəngəzur dəhlizi ninvə Şuşa Bəyannaməsinin regional sülh baxımından önəminə toxunub.
Mərasim bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB