Azərbaycanla beynəlxalq tərəfdaşların hüquq sahəsində əməkdaşlığı müzakirə olunub - FOTO

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Braziliyaya rəsmi səfəri çərçivəsində beynəlxalq tərəfdaşlarla hüquq sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində həmçinin Baş prokuror Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə ikitərəfli görüşlər keçirib. Braziliyanın Baş prokuroru Paulo Qonet ilə keçirilmiş görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə olunub.

Portuqaliyanın Baş prokuroru Amadeu Quera ilə keçirilmiş görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını qeyd edib və bu sahədə Portuqaliyanın müsbət təcrübəsinin öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib. Daha sonra Baş prokuror Amadeu Quera Ministério Público (İctimai Prokurorluq) və MENAC (Korrupsiyaya Qarşı Milli Mexanizm) barədə məlumat verərək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və cinayətlərin bütün təzahürlərinə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayaraq, qeyd olunan sahələr üzrə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə maraq göstərib. İspaniyanın Baş prokuroru Alvaro Qarsia Ortiz ilə keçirilmiş görüşdə cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də konkret cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə edilib. Səfər çərçivəsində Çin, Rusiya, Paraqvay və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirilib. Qarşılıqlı anlayış və etimad əsasında keçirilən görüşlər zamanı tərəflər qurumlararası əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsini müzakirə ediblər.

Görüşlərdə Azərbaycanın Braziliyadakı səfirinin müşaviri Rafiq Rüstəmov da iştirak edib. Nümayəndə heyətinin Braziliyaya səfəri uğurla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə