"Qəbələ Zirvəsi Türk dünyasının tarixində iz qoydu" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Azərbaycan həqiqətlərinin və Azərbaycanın yaratdığı reallıqların Türk dövlətlərinə, eləcə də bütövlükdə dünyaya çatdırılması baxımından növbəti dəfə mühüm bir platformaya çevrildi. Heç şübhəsiz ki, bu həqiqətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin dilindən bir daha səsləndi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Zirvənin qədim Qəbələ şəhərində – əsası IV minillikdə qoyulmuş və Qafqaz Albaniyasının möhtəşəm tarixə malik mərkəzlərindən birində keçirilməsi təsadüfi deyildi. Bu, həm Azərbaycanın Vətən müharibəsində qazandığı böyük zəfərin, həm də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətindəki əzmkar mövqeyinin, Türk dövlətlərinin böyük potensialının dünyaya nümayişi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu, hazırkı beynəlxalq vəziyyətdə – dünyanın müxtəlif bölgələrində savaş küləklərinin əsdiyi, destruktiv qüvvələrin fəallaşdığı bir dövrdə mühüm çağırışdır. Azərbaycan, Türkiyə və Orta Asiya respublikaları bu təhlükələrdən tam sığortalanmayıblar. Buna görə də dövlət başçısının təşəbbüsü gələcəkdə Türk dövlətlərinin vahid silahlı qüvvələrinin – “Turan Ordusu” və ya “Türk NATO-su” kimi birgə təhlükəsizlik mexanizminin formalaşması baxımından zəruri addım kimi qiymətləndirilir. Bu təşəbbüs heç kəsi qorxutmamalıdır, çünki məqsəd barışa, təhlükəsizliyə və inkişafda əməkdaşlığa xidmət etməkdir. Türk dövlətləri hətta müharibə gedən regionlarda belə sülhün bərqərar olması üçün fəaliyyət göstərirlər.

Prezident İlham Əliyevin digər vacib təşəbbüsü 2026-cı ildə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı oldu. Bu, həm keçmişə hörmətin, həm də gələcəyə yönəlik birliyin rəmzidir. “Dildə, fikirdə, əməldə bir olmaq” prinsipinin bu gün də aktuallığını qoruduğunu göstərir. Azərbaycanın qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyması da bu birliyin praktik təzahürüdür. Azərbaycan, təkcə Türk dövlətlərinə deyil, digər ölkələrə də humanitar yardım göstərməklə məqsədinin sülh və tərəqqi olduğunu sübut edir.

Qəbələ Zirvəsində bir sıra mühüm təşəbbüslər səsləndirildi, dövlət başçıları səviyyəsində tarixi əhəmiyyətli fikirlər bildirildi. Türk dövlətlərini bir araya gətirmək istiqamətində yorulmadan çalışan Azərbaycan və Türkiyə liderlərinin səyləri bir daha diqqətə çatdırıldı. Xüsusilə, Şimali Kipr Türk Cümhuriyyətinin liderinin zirvədə iştirakı böyük əhəmiyyət daşıyırdı. Azərbaycan dövlətinin bu istiqamətdəki qətiyyəti Şimali Kipr rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Bu, gələcəkdə qardaş ölkənin beynəlxalq səviyyədə tanınması istiqamətində daha mühüm addımların atılacağından xəbər verir. Zirvədə Avropa İttifaqının üzvü olan Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı və Türk dövlətlərinə olan bağlılığını açıq şəkildə ifadə etməsi də mühüm hadisə idi. Bu, Türk Dövlətləri Təşkilatının gələcəkdə “üstəgəl formatı” çərçivəsində genişlənəcəyinə dair əminliyi artırdı".

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzinə çevrilməkdədir. Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş bu Zirvə, Türk dünyasının vahid güc kimi çıxış etməsinin əyani göstəricisi oldu. Dövlət başçılarının əsas məqsədi sülhü, sabitliyi və təhlükəsizliyi qorumaqdır. Bu birliyə qarşı narahatlıq hissi keçirən qüvvələr bilməlidirlər ki, Türk dövlətləri ilə əməkdaşlıq edən hər bir tərəf yalnız qazanacaq: "Türk coğrafiyası 200 milyona yaxın əhalisi və 4,3 milyon kvadrat kilometrlik ərazisi ilə böyük iqtisadi və strateji potensiala malikdir. Azərbaycan bu məkanın öncüllərindən biri kimi Orta Dəhlizdə yükdaşımaları 2022-ci ildən etibarən 90 faiz artırıb, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürmə gücü 25 milyon tona çatdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində Azərbaycan artıq beynəlxalq logistika mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması isə bu gücü daha da artıracaq.

Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edən qalib dövlətin başçısı İlham Əliyev dünyada sözü, imzası və əməli ilə tanınan liderdir. Qəbələ Zirvəsi Qəbələ Bəyannaməsi ilə başa çatsa da, Türk dünyasının qarşısında hələ böyük hədəflər və uğurlar dayanır. Əməkdaşlıq sərhədləri aşaraq qlobal miqyasda genişlənəcək. Neft, qaz, qızıl, uran, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrindəki potensial gələcəkdə daha da cəlbedici olacaq. Bunun üçün isə əsas şərt sülh və təhlükəsizliyin təmin edilməsidir.

Azərbaycanın təşəbbüsü ilə Ermənistan qarşısına qoyulan sülh sənədinin paraflanması və Vaşinqton razılaşması da bu istiqamətdə ölkəmizin əzmkar mövqeyini göstərir. Zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün liderlər Azərbaycanın qələbəsini və sülh təşəbbüslərini dəstəklədilər. Təsadüfi deyil ki, Zirvənin bir hissəsi Füzulidə, türkiyəli qardaşlarımızın yardımı ilə tikilmiş məsciddə keçirildi. Bu, işğal zamanı dağıdılmış 65 məsciddən sonra inşa edilən müqəddəs bir ziyarət yeridir və qardaşlığın rəmzidir.

Sonda – bir daha təsdiqləndi ki, Türk dövlətlərinin birliyi, dirliyi və əməkdaşlığa açıq mövqeyi bu Zirvədə bir daha öz əksini tapdı. Bu birlik həm bölgəmizin, həm də dünyanın gələcəyi üçün sülhün, sabitliyin və inkişafın qarantıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə