"İtaliya Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir" - MÜNASİBƏT BİLDİRİLDİ
"İtaliya-Azərbaycan əlaqələri kifayət qədər böyük tarixə malikdir və hazırda çoxşaxəli münasibətlər sistemi formalaşıb. Bu gün iki ölkə arasında siyasi, diplomatik, iqtisadi və xüsusilə də təhsil sahəsində ciddi irəliləyişlər müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev sözlərinə belə davam edib: "İtaliya Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biridir. Hərbi əməliyyatlar zamanı və 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycanın əleyhinə aparılan kampaniyalara, erməni yalanlarına inanmayan, əksinə, Azərbaycanın maraqlarını dəstəkləyən nadir Avropa ölkələrindən biri məhz İtaliya olmuşdur. Bu mövqeyi ilə o, Macarıstanla yanaşı, xüsusi olaraq seçilir.
Münasibətlərdə enerji sahəsində əməkdaşlıq da önəmli yer tutur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TAP layihəsi vasitəsilə Albaniya üzərindən İtaliyaya qaz nəqli təmin edilir və bu, ölkəmizin Avropa bazarına çıxışını mümkün edir. Bu əməkdaşlıq ildən-ilə genişlənir və yeni perspektivlər açır.
Son illərdə təhsil sahəsində əməkdaşlıq xüsusi diqqət çəkir. Azərbaycanlı tələbələrin xaricdə təhsil üçün üstünlük verdiyi ölkələr sırasında İtaliya ön sıralarda dayanır. Bu, təsadüfi deyil, çünki Avropada “universitet” anlayışı məhz İtaliya ilə assosiasiya olunur. Beloniya təhsil sistemi və ilk Avropa universitetləri Apennin yarımadasında formalaşmışdır. Bu baxımdan Avropa təhsilinin mərkəzi məhz İtaliya hesab edilir.
Sevindirici haldır ki, artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Bu, tələbələrimizə İtaliyaya getmədən həmin ölkənin təhsil sistemindən faydalanmaq, gələcəkdə isə akademik karyeralarını bu baza üzərindən inkişaf etdirmək imkanı yaradır. Bu, ölkəmiz üçün olduqca mühüm yenilikdir.
Münasibətlərin inkişafı gələcəkdə hər iki dövlətin maraqlarına xidmət edəcək. Siyasi və diplomatik əməkdaşlıq dəyişən geosiyasi kontekstdə daha da aktuallaşır. İtaliya Prezidentinin Azərbaycana səfərindən qısa müddət sonra Prezident İlham Əliyevlə İtaliyanın Baş naziri arasında Kopenhagendə baş tutan görüş də bu marağın bariz nümunəsidir. Qeyd edilməlidir ki, həmin görüş də İtaliya tərəfinin təşəbbüsü ilə reallaşmışdı.
Bütün bunlar göstərir ki, rəsmi Roma Bakıya xüsusi diqqət ayırır. Müharibədən sonra yaranmış yeni imkanlar – xüsusilə bərpa prosesində iştirak, investisiya qoyuluşu və siyasi əməkdaşlıq perspektivləri – İtaliyanın maraq dairəsindədir. Bakı da bu əməkdaşlıqdan məmnunluğunu ifadə edir və münasibətlərin daha da inkişafında maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə