BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası öz işinə başlayıb. Sessiyanın sədri Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdur. O, sessiyanı plenar iclas ilə açıq elan edib. Berbok 80-ci sessiyanın əsas hadisələrindən biri kimi qarşıdan gələn BMT baş katibi seçkisini qeyd edib. Ümumdünya təşkilatının hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyətləri 2026-cı ilin sonunda başa çatır.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə gedib. BMT Baş Assambleyasının yubiley sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. Artıq dünəndən etibarən qurumun Nyu Yorkdakı mənzil qərargahında yüksəksəviyyəli debatlar başlayıb. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında qalib Lider kimi iştirak edir.
1992-ci il martın 2-dən BMT üzvü olan Azərbaycan ilk gündən dünyanın diqqətini torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə yönəldib. Azərbaycan-BMT əlaqələrinin inkişafı, xüsusən təşkilatın tribunasından daha səmərəli yararlanmaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz Onun siyasəti sayəsində BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə yönəldə bilmişik. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyində, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da iştirak edən Ulu Öndər çıxışında qlobalizasiya, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunmuş və Azərbaycanın mövqeyini ortaya qoymuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Prezidentin 2017-ci il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana siyasi-diplomatik zərbəsi kimi tarixə düşmüşdü. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünə nail olub. Beləliklə Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirib.
Prezident İlham Əliyev isə BMT Baş Assambleyasının 80-ci sessiyasında nüfuzlu dövlət başçısı olmaqla yanaşı, həm də qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştirak edir. Prezident İlham Əliyev hər zaman BMT Baş Assambleyasının sessiyalarında və bu qurumun digər tədbirlərində xüsusi ehtiramla qarşılanıb. Hazırda dünyanın diqqəti BMT Baş Assambleyasının 80-ci sessiyasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər qlobal siyasi tədbirin ən nüfuzlu qonaqları sırasındadır.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış etmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri qismində, 2004, 2010 və 2017-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti kimi. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, həmin illərdə ölkəmizin BMT TŞ-na üzvlüyü çərçivəsində 2012-ci ilin may ayında dövlət başçımız Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir. 2013-cü ildə isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın təşviqinə həsr olunmuş yüksək səviyyəli iclas keçirilmişdir. Bu, Təhlükəsizlik Şurasının tarixində İƏT-ə həsr olunmuş ilk iclas olmuşdur.
Bundan əlavə, Prezident İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda çıxış etmişdir. Prezident İlham Əliyev hazırda Nyu-York-da BMT-in Mənzil Qərargahında keçirilən BMT Baş Assambleyasının 80-ci, yubiley sessiyasına qatılır. Qeyd edək ki, Baş katib Antonio Quterreş tərəfindən 2025-ci ilin mart ayında “UN80” Təşəbbüsü irəli sürülüb. Prezident İlham Əliyev dəfələrlə Təhlükəsizlik Şurasının müasir beynəlxalq reallıqlara uyğunlaşdırılmasının vacibliyini bildirib. Onun fikrincə, Şurada yeni daimi üzvlərin təmsil olunması, xüsusilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına bir yer ayrılması qlobal ədalətlilik baxımından labüddür. Bu mövqe Azərbaycanın yalnız milli maraqlarını deyil, həm də Qlobal Cənub ölkələrinin maraqlarını müdafiə etdiyini nümayiş etdirir.
Prezidentin görüşləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub. Yunanıstanın Baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırdı, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxundu və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd etdi. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı. Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edildi, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunuldu.
Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. Avropa Şurasının Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edilib. Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Avropa Şurasının Baş katibi COP29 dövründə Azərbaycana səfərini, həmin vaxt və digər beynəlxalq tədbirlər çərçivəsində dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb.
Azərbaycan Prezidentinin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub. Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Aleksandr Stubb Finlandiyanın regionda sülhü daim dəstəklədiyini qeyd edib. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh dövrünə qədəm qoyduqlarını qeyd edib. Söhbət zamanı sülh gündəliyinin irəli aparılması üçün birgə səylərin vacibliyi vurğulanıb. Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu
Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib. Əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir. Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Onun fikrincə, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək.
Sonra çıxış edən ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla daha geniş Xəzər regionunun ABŞ-ın siyasət strategiyası üçün həssas nöqtə olduğunu deyib. Onun sözlərinə görə, bura Birləşmiş Ştatların investisiya qoymaq və qurmaq üçün mühüm strateji maraq kimi gördüyü bir sahədir.
Tədbirdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının nümayəndəsi Konor Koleman Xəzər regionunun xarici siyasət nöqteyi-nəzərindən strateji əhəmiyyətini vurğulayıb. O, ABŞ-ın regionda investisiya maraqları barədə danışıb. Regionda enerji və ətraf infrastruktur sahələrində investisiya imkanlarının olduğunu qeyd edib. O, bu baxımdan təmsil etdiyi qurumum prioritetləri və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin Xarici Əlaqələr üzrə baş direktoru Öztürk Selvitop çıxış edərək Türkiyə və Azərbaycanın icra etdiyi regional layihələrdən, Xəzər regionunun artan potensialından bəhs edib.
Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzəqaliyev Avrasiya regionunda logistika və nəqliyyat şəbəkələrinin inkişafının strateji əhəmiyyət daşıdığını deyərək bu sahədə bütün imkanlardan səmərəli istifadə etmək niyyətlərini açıqlayıb. O bu sahədə ABŞ şirkətləri ilə sıx əməkdaşlıq etmək və birgə layihələr həyata keçirmək istədiklərini vurğulayıb. Onun sözlərinə görə, Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” bu əməkdaşlıq üçün yeni imkanlar açır. Tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Prezident və birinci xanım rəsmi qəbulda
Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dedi: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.
Prezident İlham Əliyev: Daha da çox.
Prezident Donald Tramp: Bundan da çox?
Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.
Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.
Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?
Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.
Prezident Donald Tramp: Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız.
Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.
Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta “Gələcəyi birlikdə qurmaq” adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.
Səfər davam edir.
“Səs” Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə